среда, 29 марта 2017 г.

Anar Əhəd
Anar Əhəd – Razılıq
Sabirin varlığı dönməz qəti bundan sonra.
Mənə kimdir eliyən cür’əti bundan sonra?
Kişinin yoxluğu əmmamə uçurdub mənə çox,
Oxuyum ruhuna min rəhməti bundan sonra.
Zalımın oğlu yatan xalqı oyatmış necə də..
Yatırım birdə gərək ümməti bundan sonra.
Qara millətdi, cəhalətdə boğulsun getsin.
Mən yığım altıma var dövləti bundan sonra.
Ataram ortalığa batini, tez fırladaram
Haqqıma qarşı çıxan ayəti bundan sonra.
Binəvalıq daşın atdım edərək cahilə tuş,
Tutacaq tutmayacaq qisməti bundan sonra.
Hara qoysam bu mübarək qədəmi pir edərəm,
Çarəsizlərdə dilər hacəti bundan sonra.
Nə gözəldir, belə islamə fəda can edərəm,
Dəyişən olmasın heç adəti bundan sonra.
Nə sataşmaq, ələ salmaq ada bax, hörmətə bax,
Ola bilməz üzə ağ söhbəti bundan sonra.
Avamın ağzı nədi bir sözümü üç eləsin,
Yerə düşməz ağanın qüdrəti bundan sonra.
Day ölürsən, sənə zəhmət məni əzrailə de,
Gəlməsin tez, tapıram rahəti bundan sonra.
Bu gediş Xaliqə xoşdur, O da əskik eləməz,
Yer üzündən bərəkət, ne’məti bundan sonra.

четверг, 16 марта 2017 г.

İmamə namə

-         Nə yazırsan yenə şair, qələmin çartdamasın?
-         Yazıram hacətimi namələrə qurtdamasın.
-         Nə edəssən? – deyirəm də ürəyin partdamasın.
Quyu var sizdə, atıb ən dərinə.
Yetişər Mehdimizin məhzərinə.

-         Sənə gəl başqa yolun ərz eliyim kamına çat.
O imam məzarların bir kərə gör çək salavat.
Yazılan namələri bir məzarın üstünə at.
Çıxacaq namə imam qənşərinə.
Qəti şəkk eyləmə həq bənzərinə.

-         Bu imamın imeyil* adresi yoxdur görəsən?
Nə lüzum namə üçün pul tökəsən, yol gedəsən?
Girib internetə bir düymə sıxıb göndərəsən.
Yetə tez Xaliqimin yavərinə.
O da baxsın ürəyin dərd sərinə.

-         Səni mən anlamadım dost, eliyirsənmi lağa?
Bəs bayaq hacətini sən ki, yazırdın varağa.
Hansı it dişlədi durdun belə tərsdən ayağa?
Uyaraq bir dəli şeytan şərinə,
Çıxaraq qarşı cahan sərvərinə,
Elədin lağlağı din rəhbərinə.
Yoxsa, qoydun məni axmaq yerinə?


* E-mail (elektron poçt ünvanı)

воскресенье, 5 марта 2017 г.

Elə qorxunc, elə kabus, elə vəhşətdi qəbir,
Öləcəksən görəcəksən necə dəhşətdi qəbir.
-         Məni qorxutma amandır bədənim tir – tir əsir.
-         Hə balam hə, nə edək? hər kəsə qismətdi qəbir.
-         Yenə qoydun gopu qaznan dəmə ay molla əmi?
-         Yox balam yox, sənə qurban, qara zülmətdi qəbir.
Sıxacaq cismini var güc ilə qüvvətdi qəbir,
Verəcək ağrını möhkəm cana zillətdi qəbir.
-         Neçə atmasfer olar? Lap marağım artdı mənim.
-         Boy balam boy, məzə çırtlatma həqiqətdi qəbir.
-         Axı ruh yox, cana bir ağrı nə cür təsir edər?
-         Ay balam ay, bu müəmmalıdı, hikmətdi qəbir.
İki aləm arası, varlığı qürbətdi qəbir,
İztirab çəkməyə hicran evi, firqətdi qəbir.
-         Toz olub torpağa cismin qarışır, yoxdu əzab.
-         Vay balam vay, nə dedin? tövbə qiyamətdi qəbir.
-         O qiyamət dediyin məhşərə Allah sözüdür.
-         Ah balam ah, xəbərün yoxdu ki ayətdi qəbir.
“Biz əzabdan ikisin daddırarıq” ayədi bu*.
Biri məhşərdə olandır, biri ibrətdi qəbir.
-         Yenə kəsdin oxudun ayəni, artıq nə deyim?
-         De balam de, bizə bir mövzudu ülfətdi qəbir.
-         Sonu var ayəmizin, haqq yola dönməklə bitir.
-         Of balam of, məni alsın o fəlakətdi qəbir.
Kafirin halına vay oldu, zəlalətdi qəbir.
Xoş o möminlərə ki onlara cənnətdi qəbir.
-        Pis adamdırsa ölən, məhşərəcən ruh sıxılır,
           Qəti uydurma nağıl cismə xəsarətdi qəbir.
           Və ölən yaxşı adamdırsa əgər ruh sevinir,
           Demə, cənnətdi qəbir, möminə ləzzətdi qəbir.

Ay hərarətdi qəbir,
Vay xəcalətdi qəbir,
Yox rəzalətdi qəbir.
Kimə qismətdi qəbir,
Ona rahətdi qəbir.


*Səcdə surəsi ayə 21

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...