Bəhri təvil
Dolanıb gəldi
məhərrəm, gözün aydın ola şeytan! Düşəcək çox yerə matəm, çıxacaq can, axacaq
qan, boyanar qırmızı meydan, olacaqlar sənə qurban, yığılıb bir neçə insan,
salacaq məscidə üsyan, gələcək mərsiyəxandan, yeni bir mərsiyə candan oxuyarkən
həyacandan, qoyacaq gözləri giryan, eliyib milləti heyran iki sözdən, vura dizdən,
sora gözdən, atacaq cırmağı üzdən, arabir yoxla nəbizdən ki, ürək vurdu ya
durdu, bu hüzurdu? – bu çuxurdu, yenə xoşbəxt ola İran bu günə qoydu bu yurdu!
Nəyi pisdir? Gözəl hisdir, bir hədisdir, yaradırlar, yaşadırlar, hələ bunlar
maşadırlar, yəni molla, iki qolla, eliyib təbliği yolla, təzə əmmamə çıxolla,
min üsulnan, variantnan alacaq səhnəni rolla, danışıb bir iki hikmət, bürüsün
milləti heyrət, sora əlbətdə rəvayət, olacaq gülməli söhbət, quracaq bardaşı
rahət, edəcək milləti də’vət, bu məhərrəm ətirinnən duya millət, ala ləzzət,
sizə cənnət ola qismət, güya ənbər qoxusundan, ona bənzər qoxusundan, bu məhərrəm
eləmir fərq, ama gəl tər qoxusundan boğularsan, aman Allah bu nə ikrah? Ey
ümidgah! Elə agah, ola islah. Yenə eybi yoxdu vallah deyəcəklər bu cavanlar,
inananlar, qocamanlar, ürəyi eşqə yananlar o qəzəldən nəyi anlar ki, vurur şillə
üzünnən, vay aman getdi özünnən, biri bəsdir, ə nə bəsdir?! Vuracaq xalq əvəzinnən.
Bəsdi qardaş biri bəsdi, bu qədər vurma əbəsdi, yenə vur bir dənə vur ki, sənə
bəsdi çoxu nəsdi, buların əqli şikəsdi, bu inanc bağrımı kəsdi, bu nə eşqdi, nə
həvəsdi? Ürəyim bulandı əsdi. Gözün aydın ola şeytan!
Qan tərdədi
nadan.
Üsyandadı insan.
Qırx gün bu
müsəlman,
Olsun sənə
mehman.


