суббота, 27 апреля 2019 г.


Ey üzü nur gülsabah!* Boş yerə töhmət nədir?
Şairə təkfir nədir, şə’nimə lə’nət nədir?!

Siğə edib keyf elə, gəl məni mürtəd çıxar,
Hökmüvə kirtək vurum, ah bu ədalət nədir?!

Ərz elədim mollaya ayəni ibrət misal,
Düşdü qotur saqqala, bilmədi hikmət nədir!

Gah çıxarır təsbehin, gah qaşıyır saqqalın,
Gah da çıxış axtarır, qaçmağa fürsət nədir?

Eyləmə üstündə yük, saqqaluva vur düyün,
Yüz dənə yan – yanə düz, təsbehə hacət nədir?

Haqqı deyən mən olum, üstünü örtən sən ol,
Sonra da kafər çıxım! Düşdüyüm halət nədir?

Sən ki, bilirsən Anar, haqq ilə batil nədir,
Eşq ilə vəsfin qılıb, şərh elə ayət nədir!


* -- Səhər açılıb axşam vaxtı yumulan dekorativ gül

понедельник, 15 апреля 2019 г.


Alimlərivün şərhinə ürfani baxırsan,
İnsan kimi yox, onlara yezdani baxırsan.

Məzhəb adı qəlbimdəki imanə yaraşmır,
Sən hansı ağılnan mənə Qurani baxırsan?

Möhkəm yapış ipdən bizə Allah buyurarkən*
Din parçalayan kəslərə ruhani baxırsan.

Məzhəb yolu seçmişlərə Qur’anda cəza var*
Hərdən açaraq ayəni cismani baxırsan?

İyrənc görünən özgələrin hökmünə lağ – lağ,
Öz alimivün hökmünə insani baxırsan.

Lağ – lağ nədi, cin şeytana oxşar deyə vəsf et,
Öz cinlərivün hüsnünə nurani baxırsan.

Gəl sən də  Anar, mövzunu çox dartıb uzatma,
Onsuzda bu məzhəblərə sən fani baxırsan.


* Ali – İmran surəsi ayə 103, 105

пятница, 5 апреля 2019 г.

Anar Əhəd
Güc üçün can atanın məqsədi sərvətdə olar.
Özü qəflətdə olar, xalqısa zillətdə olar.
Talayar millətinin haqqını qarətdə olar.
Özünün zənn eliyər, hər şeyə fürsətdə olar.
Cismi işrətdə olar, ruhusa möhnətdə olar.
Gözünün görmədiyi bir qara zülmətdə olar.
Unudar Rəbbini ki, sonda qiyamətdə olar.

Canlı, cansız sıxılan hər nə ola məhv olacaq.
Dağılar cansız olan, canlısa ruhən solacaq.
Oturub səbr edəcək ki, nədi iman qalacaq!
Kasanın yırtığı yoxdur və nəhayət dolacaq.
Çıxacaq meydana üsyan ilə haqqın alacaq.
Axı insan nə qədər ömrü səfalətdə olar!
Bir gün millət bezərək sənlə ədavətdə olar!

Çıxacaq vəd eliyən cəlb olacaq diqqətimiz.
Xoş şüarlar adı altında coşar cürətimiz.
Bərələn gözləri heyrətdə qoyar vəhdətimiz.
Yeni rəhbər seçilər hasil olar niyyətimiz.
Əli hər şeydən üzülmüş füqəra millətimiz,
Yürivə göz dikənin cızdığı bir xətdə olar.
Sənə düşmən kəsilər kin ilə nifrətdə olar.

Yuxulu xalqımızın bənzəri var xəzri, yelə.
Ayılıb tam oyanan an dönəcək güclü selə.
Bu gücə qarşı çıxan olmadı dünyadə hələ.
Sonu heç yaxşı deyil ölkəmizin, qalsa belə.
Xalqı çək eşq ilə ətrafına müdrüklik elə,
Rəhbərin həm gücü, həm sevgisi millətdə olar.
Dağa söykənməyənin ömrü xəyanətdə olar.

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...