воскресенье, 25 декабря 2016 г.

Anar Əhəd
Mənə dostum deyən oğlanda sədaqət dağıdır,
O qədər çoxdu vəfa, sevgisi dəhşət dağıdır.

Yığıb ətrafına yaltaqları yoldaşlıq edər,
Ona tərif deyənin uğruna sərvət dağıdır.

Sənə dostum deməyim saflığımın sayəsidir,
O ötən xatirələr qəlbimə nifrət dağıdır.

Elə zənn eyləmə qəlbimdə sənə sevgi qalıb,
Səni xatırlamağım sadəcə diqqət dağıdır.

Fərqi yox hansı məhəbbət ürəyin hakimidir,
Ta əzəldən bəri hər eşqi xəyanət dağıdır.

Elə bir dosta ürək ver yada Allahı sala,
Pisi qəlbindən uzaq tut ki, o möhnət dağıdır.

O kəsə dost de Anar, çöhrəsi iman nurudur,
Elə insan özü ətrafına zinət dağıdır.
Anar Əhəd
Seçibdi cənnəti zahid məhəbbətin yerinə,
Tutub gözün o gözəllik səadətin yerinə.

Deyin o zahidə eşqin ürəkdə yoxsa əgər,
Onu görüm buraxan kimdi cənnətin yerinə.

Nə inki cənnəti, cənnət diyarı ölkəmi mən,
Yasaqlaram ona olsam bu dövlətin yerinə.

Amandı ayə deyərsən düşər qotur dilüvə,
Danış hədislə rəvayətdən ayətin yerinə.

Əgər ürək meyilin salsa zahidin sözünə,
İslamda firqə gəzərsən hidayətin yerinə.

O zahidin işi məzhəb kitabların aramaq,
Və fitnəkarlıq edər dində vəhdətin yerinə.

Anar, nədən belə islam bölündü firqələrə?
Düşün və tap nəyi qoyduq əmanətin yerinə.

пятница, 2 сентября 2016 г.

Anar Əhəd
Yoxdur ürəkdə Xaliqi – Sübhan məhəbbətin,
Nəfsin şirin edib sənə dövran məhəbbətin.

Sürdün gözəl həyatda ömür, oldu hər şeyin.
Zahid, nədənsə olmadı iman, məhəbbətin.

Allah deyəndə ağlama zır – zır yalan yerə,
Eşq əhli göstərib bizə Canan məhəbbətin.

Eşqin ürəkdədir yeri, xəlq içrə ağlayıb,
Atmaz ayaqlar altına insan məhəbbətin.

Eşq əhli göz yaşın tuta bilməz, sıxar özün,
Cəhd eyləyər o etməyə pünhan məhəbbətin.

Aşiq odur ki, eşqinə xəlvətdə ağlasın,
Faş eyləməz bu aləmə Rəhman məhəbbətin.

Ya Rəbb, Anar da eşq ilə islam üçün yazar,
İnsan təfəkkürün ala Quran məhəbbətin.

пятница, 19 августа 2016 г.

Anar Əhəd
Allah məni qoydun elə nadanlar içində,
Bildim nə çəkirmiş Əli insanlar içində.

Sən sadəcə nazil elə Quran bizə ya Rəbb,
Alim özü hər bir şeyi səhmanlar içində.

Sən ayədə çox səhv eliyərsən, ey İlahi.!
Alim tapacaq haqqı o nöqsanlar içində.

Xaliq o günahlar kimə aid onu bilməz,
Haqq oldu əyan alimə pünhanlar içində.

Haqdan qaçaraq kor gəzənə haqmı deyirsən?
Çarpışma Anar, gəl ölü vicdanlar içində.

пятница, 12 августа 2016 г.

Günü gündən dəyişərkən şəhərün molla əmi,
Ona bənzər dəyişir hər səhərün molla əmi.
Bu gözəllik, bu lətafət, bu məlahət necədi?
Sənə təsir eliyib, canda hərarət necədi?
Bunu bir yanə qoyaq, bir de – cəhalət necədi?
Allahın surəsi üstündə ticarət necədi?
Hər hüzrdən nə qədərdir nəmərün molla əmi?

Nəməri yaxşıdır ki, molla əmi porşe sürür.
Daha yoxdur əminin zərrə qəmi, porşe sürür.
Dəyişib boy – buxunu, həm qədəmi, porşe sürür.
Hələ var nömrəsi fuldur rəqəmi, porşe sürür.
Kasıbın ömrünü dəy(i)şər təkərün molla əmi.

Tulla əmmaməni min poşeyə sür çıx şəhərə.
Hurilər başqa gözəllik gətirirlər xəzərə.
O gözəllər kişinin ömrünü verməz hədərə.
Tay – tuşun gündə salır meylini bir cür qəmərə.
Girmisən məscidə yoxdur xəbərün molla əmi.

O nəfsdir ona qul olma Xuda ayə deyər.
Olmaram mən ona qul çünki, dilim tövbə deyər.
Elə şeylər eləsəm, həm mənə millət nə deyər?
Tüpürər cəmdəgimə bir sarı bəlğəm və deyər,
Bumu Allah, sənə sadiq nökərün molla əmi?

Gecə - gündüz oxuyur lənəti qovsun cini bu.
Bəzəyib zahirini gizli tutub batini bu.
Nə nəfsdən danışıb təbliq edir haq dini bu?
Guya ki, nəfsi üzündən oxumur yasini bu?
Bilirəm mən necədir ağ ciyərün molla əmi.

Sənə Quran havayı xətm edəcəm gir məzara.
O qədər yollamışıq biz belə şair məzara.
Seyidin fatihəsindən sora Sabir məzara*.
Sən ölən gün səni biz basdırarıq bir məzara.
Oxuyar yasinivi bəxtəvərün molla əmi.

Ay əmi zənn eləmə mən sənə qusdum kinimi.
Giley etdim, nə günə qoymusan islam dinimi.
Hələ mən yasin ilə bəsləyirəm batinimi.
Ki aparsın əməlim axirətə yasinimi
Mən öləndən sora yoxdur səmərün molla əmi.
Həmi dəyməz mənə heç bir zərərün molla əmi.
Düşəcək dillərə məndən əsərün molla əmi.


*Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir

понедельник, 25 июля 2016 г.

Nə halaldır, nə haramdır.
Anar Əhəd

Əli dostum! bu gülabdır.
Müctehiddəndi, kitabdır.
Bax, sualdır və cavabdır.
Oxu öyrən nə savabdır,
Nə halaldır, nə haramdır.

Hələ gəl səbr elə bir an.
Vəli dostum, sənə qurban.
Tələsib eyləmə nöqsan.
Axı söylər bizə Quran,
Nə halaldır, nə haramdır.

Qulağım ayəyə kardır.
Başımın ölçüsü vardır.
Yəni Quran mənə dardır.
Bilmərik biz nə qərardır.
Nə halaldır, nə haramdır.

Sən özün əqlüvə düşman,
Olacaqsan sora peşman.
Oxuyub ayeyi - Quran,
Düşünüb bilməli insan.
Nə halaldır, nə haramdır.

Zamanın nəbzinə uyğun.
Müctehid hökmüdü qanun.
Eliyirsə məni məmnun.
Nöş edim beynimi yorğun.
Nə halaldır, nə haramdır.

Şəriət hökmünü alim,
Verə bilməz ola hər kim.
Hökmə tək Tanrıdı hakim.
Gəl olaq hökmünə təslim
İstəsən doğrunu hərgah.
Və qüsurlar ola islah.
Gəl edim mən səni agah.
Deməyin söyləyir Allah.
Nə halaldır, nə haramdır.

Nəhl surəsi ayə 116
Dillərinizin yalandan dediyinə əsasən «bu, halaldır və bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız. Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar. 

четверг, 12 мая 2016 г.

Anar Əhəd
Gel oruc tutki, ürək iblisə mail eləməz.
Orucun şərtləri var, kim bilə zail eləməz.
Bunu bil cinsi yaxınlıq onu hasil eləməz.
Gel ki, sünnət yerini keçməsə batil eləməz.
Nədi, nolub ki? Müqəllid buna heç dil eləməz.
Nə gülürsən.? bu İran mollasının təfsiridir.
Açılan molla zavod firmasının təfsiridir.

- Bu nə arvad, de – oğuldur, ya xoruzdur, ya fərə?
Böyüdüb bəslədiyim ad – sanımı vurdu yerə.
- Kişi! Var çarəsi gəl düşmə qəti qəm kədərə.
Dəyişək cinsini arvad eliyək getsin ərə.
O imam naibidə hökmünü vermiş bəşərə.
Nə gülürsən.? bu İran mollasının təfsiridir.
Açılan molla zavod firmasının təfsiridir.

Dəstəmaz almağı öyrətmək üçün molla papaq,
Bir kitab çap eliyib, səyfəsi var üç yüz varaq.
Onu cahil oxusa əlbət olar dindən uzaq.
Baş tutub qaçmalıdır, eyləmədən zərrə maraq.
Cəmi bir ayədə* aydın eliyir şərhini Haqq.
Nə gülürsən.? bu İran mollasının təfsiridir.
Açılan molla zavod firmasının təfsiridir.

Kimə zahirdə əcaib gələ fətva dəyəri,
O adam şərhinə çün hali deyil, yox xəbəri.
Baxıram şərhinə fətva sayılırmış nəzəri.
Gəl əməlnən o haramdır, qadağan müxtəsəri.
Onu kim etsə sapığ*dır, sapığın beş betəri.
Nə gülürsən.? bu İran mollasının təfsiridir.
Açılan molla zavod firmasının təfsiridir.

De Anar de, belə haqsızlığı heç örtmək olar?
Süd əmər körpə uşaqnan nələri etmək olar.
Kəbinin varsa əgər o körpəyə sürtmək olar.
Tövbə Allah, bu nədi? Sürtmək olar, dürtmək olar.
Belə dinnən, şəriyətnən haracan getmək olar?
Nə gülürsən bu İran mollasının təfsiridir,
Açılan molla zavod firmasının təfsiridir.


* - Sapığ – Sapık Türk sözüdür pozğun deməkdir.

* - Maidə surəsi ayə 6

воскресенье, 10 апреля 2016 г.

Anar Əhəd
Dəstəmaz aldım dedilər sünnidi,
Süst kimi oldum! - dedilər sünnidi.
Çatdı namaz cəhd elədim qılmağa,
Başladılar özləri süst olmağa.
Sünni deyil Şiədi qardaşdı bu,
Yəqin bayaq dəstəmazda çaşdı bu.
Başladılar sorğu-sual, söhbətə,
Qalmadılar razı olan ülfətə.
Kəc baxaraq gah dedilər Sünnidi,
Xoş baxaraq gah dedilər Şiədi.
Bilmədilər hansı təriqətdəyəm,
Müsəlmanam, haqqa həqiqət deyəm.

Fisulət 33
Allaha tərəf çağıran, yaxşı iş görən və: «Mən müsəlmanlardanam!» - deyən kəsdən daha gözəl danışan kim ola bilər?

среда, 30 марта 2016 г.

Anar Əhəd
O izin verməsə kimdir Ona iman gətirən?
Odur iman yaradan, haq yola insan gətirən.

Həqqə iman yolu əqlin yolu, eşqin yoludur,
İki nemət olacaq möminə ürfan gətirən.

Tək ağıl etmədi öz əhdinə sadiq səni həm.
O vəfa, eşq idi, ey oğlunu qurban gətirən!

İki səsdən biri həmdəm, biri düşmən bəşərə,
Bu çətin anda ağıl olmalı fərman gətirən.

Demə eşqim mənə bəsdir, ağılın çox rolu var,
Ağılın yoxluğudur cahilə nöqsan gətirən.

Cənnətin müjdəsi var, qarşılığı sevgi olan,
O həmən sevgidi can ruhuna dərman gətirən.

Ey Anar, gəl qoru öz sevgini, söz qüdrətini,
Axı kimdir səni tək aləmə dastan gətirən.?

суббота, 26 марта 2016 г.

Anar Əhəd
Şeytan bəşərin düşməni zahirdə görünməz,
Qəlbin duya təkfir elə, təkfirdə görünməz.

Xaliq sənə açmış qapı Ondan dilə insan!
Bax gör nə kəramətdi dua, pirdə görünməz

Müşrikləri iblis kimi xislətdə görərsən,
İman nuru mömindədi, kafirdə görünməz.

Yoz ayəni, ey qəlbi xəbis nəfsinə uyğun,
Sağlam ağıla həq kimi təvsirdə görünməz.

Allah özünü vəsf eliyən tək Onu vəsf et,
Allah özü bir sirr kimidir, sirr də görünməz.

Çox şənimə tərif dedilər, Yarə sığındım.
Qəflətlə təkəbbür gələ təqdirdə görünməz.

Hər kəs oxuyar dərk eliyər əqlinə uyğun,
Lakin Anarın niyyəti təhrirdə görünməz.

пятница, 18 марта 2016 г.

Anar Əhə.
Cahil və Molla

-Molla əmmaməsi olsun kəfənim can verərəm,
Mənə bərzəxdə zaval yox, canı qurban verərəm.
-Bala, aləmdə kəfən yoxdu ki, murdar leşüvə?
Hələ sən gir məzara mən sənə yorğan verərəm.

-Su gətir birdə ləyən, pak ayağın mən yuyaram,
O sudan nuş edərəm, dərdimə dərman verərəm.
-Bala, murdar sudu, murdarlığı at bir qırağa,
Həyətimdən, bulağımdan sənə ehsan verərəm.

-Sən mənim ali-məqam, paki-münəzzəh mələyim,
Səni rəhbər bilərəm, hər yerə elan verərəm.
-Bala, mən əqlüvə heyrət eliyib, mat qalıram,
Görəsən hardasa heç bir dəfə nöqsan verərəm?

-De Anar, söz sənə çatmış, bu işin ismini ver.!
Qaqa, gəl mollanı çıx, axmağa nadan verərəm.
O münəzzəh mələyə söz demək olmaz qadası,
Söz desəm, axmağa xoddanmağa imkan verərəm.

среда, 16 марта 2016 г.


Anar Əhəd
Nə gözəl şeydi cəhalət, iki fətva verirəm,
Öpülür əl, ayağım cahilə dünya verirəm.

Son imam naibiyəm çox olub onnan görüşüm,
Mən onun əmrini, fətvasını icra verirəm.

Mənə təqlid elə gəl yaxşı əməl sahibi ol,
Mən hidayət nuruyam aləmə təqva verirəm.

Dəyişin cinsinizi ey kişilər*, şübhəsi yox,
Mən zəmanət ilə insanlara üqba verirəm.

Başıəmmaməlilərdən belə nöş yazdı Anar?
Düşünən kəslər üçün söz ilə misra verirəm.
Anar Əhəd
Kim ağıl sahibidir dil sözü hikmət deyəcək,
Ona həm eşqi verib qəlbinə qüvvət deyəcək.

Mən yazıb xalqıma haq yolda əsərlər qoyacam,
Səmərin kim görəcək eşq ilə rəhmət deyəcək.

Ağılımdan süzülən ayələrin şərhi üçün,
Mənə cahil söyəcək, mollasa lənət deyəcək.

Neçə insan gələcək üstümə gəl yazma belə,
Məni eşqim ovudub səbr elə əlbət deyəcək.

Anarın bir sözü var, bil, yerə qoymaz qələmin,
Ya ölüncən, ya bitincən bu cəhalət deyəcək.

вторник, 15 марта 2016 г.

Anar Əhəd
Müstəzad -- Molla & Qadın

Bir molla əmi təxmini qırx - əlli yaşında.
Əmmamə başında.
Qarşında qadın xeylağı var cahi – cəlalnan.
Beynində sualnan.
Bir cinsi təmas qəlbimə düşmüş, nə edim mən?
Sormuş ona birdən.
Mat – mat diyanıb molla demiş, etmə günahdır.
Gəl getmə günahdır.
Bir anlığa nəfsin cilovun versəm əlimnən,
Olsammı həkimnən?
Məhşərdə cəhənnəmdə sənin ətvi didərlər.
Narkozsuz edərlər.
Bəs mən nə edim əmrimə üstün gələn hisnən?
Olsammı polisnən?
Qız dərvi soyarlar elə, hörmət belə keçməz.
Rüşvət belə keçməz.
Sağ qonşumuzun oğluna him – cim eləsəm bəs?
Bilməz bunu heç kəs.
Hərçənd özü bir molla papaq həq yolu tutmuş.
Iman dolu tutmuş.
Qız sən, diyəsən cənnətə getmək diləyin var.
Çox saf ürəyin var.
Tapdın daha sən həq yolu axır ki, nəhayət.
Vacib sənə cənnət.
Mən hazıram əlbət.
Kəffarəsi məndən,
Et könlüvü rahət.

понедельник, 14 марта 2016 г.

Anar Əhəd
Mən yazardım sözümü qəmdən ibarət Hüseyn,
Nə götürsün acı qəmdən axı millət Hüseyn?

Mənə ilhamdı gələn şübhə deyil, sorğu deyil,
Baxıram dində olan adətimiz doğru deyil.
Mənə, həq söyləməyim zərrə qədər qorxu deyil,
Sənə cahildən edim təkcə şikayət Hüseyn.

Bir nida həsrətini çəkmisən ildən ilə bax.
Geri dön, üzmə dəniz dalğaların, sahilə bax.
Hədisin hikmətini anlamayan cahilə bax,
O bir ilhamdı olub bizdədi əlbət, Hüseyn!

Hansı rəhbər* buyurub cismini zəncirlə sarı?
Birinin ismini hallandıra bilsəydi barı.
Verdi iman nuru aləmlərin Pərvərdigarı,
Bu səbəbdən mənə ağırdı cəhalət Hüseyn.

Oturub səncə ümid bağlamağın xeyri nədi?
Hər məhərrəm sənə yas saxlamağın xeyri nədi?
Sənə göz yaşı töküb ağlamağın xeyri nədi?
İntiqam olmasa almaq mənə qismət Hüseyn.

Yenə bir səhv tutacaqlar Hüseyndən deyənə,
Deyəcəklər dəlidir dərdini söylər ölənə.
Ölü əsla demə gəl Tanrı üçün can verənə.**
Çoxu dərk eyləmiyir ayədə hikmət Hüseyn.

Mən yazardım sözümü qəmdən ibarət Hüseyn,
Nə götürsün acı qəmdən axı millət Hüseyn?


*    İmam Hüsey (ə) sonra gələn imamlar nəzərdə tutulur.
**  Bəqərə surəsi ayə 154
Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz.
Anar Əhəd
Bu məhərrəm yığılıb bir yerə üsyan çıxarın,
Yararaq baş gözü, al qan olaraq can çıxarın.

Mən təfəkkürdə olan zənciri qırmaqda olum,
Siz gedin məscidə zəncir vuraraq qan çıxarın.

Nə gərək var axı, qan tökməyə dəccal yarana?
Hər məhərrəm çıxarırsız belə şeytan çıxarın.

Hüseyn oldu şəhid həq dini islam yaşasın,
Özünüzdən yeni adət, yeni dövran çıxarın.

Anarın gözləri durmaz Hüseyn ismi gələ,
Olmayanlar mənə şahid, məni duşman çıxarın.!
Anar Əhəd
Eşq aləmi hikmət dolu dərya, qəmi vardır.
Dərya səni cəlb etdisə dünya qəmi vardır.

Sən Tanrını sevmək belə asanmı sanırsan?
Məcnun kimi aşiqlərə Leyla qəmi vardır.

Eşqin ki böyük oldusa, Xaliq tərəfindən,
Ağır sınağın yolları, hətda qəmi vardır.

Təklik məni haqlar sözü düz, haqqı deyəndən,
Qəlbimdə mənim haqq Əli mövla qəmi vardır.

Səbr et ey Anar, bax götür ibrət Hüseyindən,
Tarix boyu eşq əhlinə sevda qəmi vardır.
Anar Əhəd
Ey özündən bixəbər qafil, oyan.
Həqqə gəl ki, həq deyil batil, oyan.
_____________________İ.Nəsimi.
------------
Ey təfəkkürdən uzaq cahil, oyan.
Kəm ağıldann nə olar hasil? oyan!

Baxma zahid elmə çox vaqif olub,
Olma hər bir kəlməyə mail, oyan.

Gəl düşün həqqi götür əqlin ilə,
Həqqə sən olmaq üçün nail, oyan.

Qır təfəkkürdə olan zənciri sən,
Etmə Tanrı nemətin zail, oyan.

Mən Anar həqqi özümdən yazmıram,
Həqq fəqət həqdən olur nazil, oyan.
Anar Əhəd
Bu nə qanun, nə ədalət, necə insan yaşasın?
Nə qədər zülmə verib haqqını qurban yaşasın?

Xaxolun aylığın ölkəmdə vətəndaş bir ilə,
Ala bilmirsə nə cür onda firavan yaşasın?

Kasıb aylıq gəliri ingilisin bir günüdür,
Qoca dövlət yaradır əcnəbi dövran yaşasın.

Belə dövran yaşayan kəs, Qarabağdan ötəri,
Nə həvəsnən eləsin düşmənə üsyan yaşasın?

Canı qurban eliyər torpağa haqq əhli olan,
O da alsın o, Mübariz kimi ad – san yaşasın.

Tanrının razılığın o vaxtı rəhbər qazanar,
Yaradıb xalqı üçün hər cürə imkan yaşasın.

Ey Anar bax neçə insan sənə düşmən çıxacaq,
Neçə insan deyəcək əla qəzəlxan yaşasın.
Anar Əhəd
Verdin mənə qəm, qüssə, kədər çəkdim İlahi,
Çəkməzdi bunu bircə nəfər, çəkdim İlahi.

Rəssam belə bir mənzərədən çəkməyə aciz,
Gəl gözlərə bax, bəhri xəzər çəkdim İlahi.

Allah sınıyar dostu çətin yollu sınağnan,
Bildim nə üçün mən bu qədər çəkdim İlahi.

Şeytan mənə yol tapmaq üçün cəhd eliyəndə,
Səbrim ilə bu yolda çəpər çəkdim İlahi.

Xoş gündə unutsam Səni, Ya Rəbb, mənə qəm ver,
Sənsiz keçirən anı zərər çəkdim İlahi.

Tanrım Anarı qoyma ki, Sənsiz qala bir an,
Şeytan mənə utdurdu zəhər çəkdim İlahi.

суббота, 12 марта 2016 г.

Anar Əhəd
Elə misra deyerəm hər sözü zinət görünər,
Üzü bir sadə fikir, batini hikmət görünər.

Mən deyən haqqı dilimnən uca Allah danışar,
Eşidən xalqıma insan kimi surət görünər.

Nə bilirsən nədi batin, onu Xaliq eliyər
Seçilən bəndəyə ilham kimi, xəlvət görünər.

Əlinin eşqi ilə batinə yol tapdı ürək,
Əlisiz hər iki dünya mənə zülmət görünər.

Bu qəzəlnən səni çox kəs qınıyar, baxma Anar,
Səni anlar o adam, onda bəsirət görünər.
Anar Əhəd
Torpaqdı möhür, eyləmirəm daş, dağa səcdə,
Et səcdəni etmiş necə Mövla, Ağa səcdə.

Zahirdə görürsən eliyir Adəmə səcdə,
Batində mələklər eliyib torpağa səcdə.

Xəlq eyləmisən Sən məni oddan, onu gildən,
Mən üstünəm ondan, eliyim alçağa səcdə?*

Bir səcdə ki Allah buyuran səcdə deyilsə,
Gəl incimə, dəyməz atılan dırnağa səcdə.

Həq söz de Anar, xəlq görə Allah necə vermiş,
Qopmuş budağından eliyən yarpağa səcdə.


* - Bu beytdə iblis danışır.
Anar Əhəd
MƏSNƏVİ

Lənət oxuyanın dilindən
--------------------------------
Bu cümə axşama məclis qurağın,
Yığışıb cəm olağın, dəm vurağın.
Açarıq biz Ömərin söhbətini,
Əlinin qəsb eliyib sərvətini.
Oxu bax gör Əlinin yoldaşına,
Nə zülümlər gətiriblər başına.
Bu səbəbdən ona lənət oxuyaq,
Pisə yox yaxşıya rəhmət oxuyaq.
Əli aşiqlərinin qəm dağı var,
Kim sübut istəsə ver qaynağı var.

Məndən cavab
 -------------------
Gətirib qaynağı dərs vermə mənə,
Hələ qaynağla keçim dərsi sənə.
Bu qədər zülmə Əli neylədi bəs?
Susaraq səbr eliyib etmədi səs.
Sualım var, niyə səbr etdi Əli?
Qala islam diyə səbr etdi Əli.
Bir nəfər heç düşünən varmı görən?
Az qədər heç düşünən varmı görən?
Oxuduqcan Ömərin lənətini,
İtirirsiz Əlinin zəhmətini.
Bu fikir hər kəsə qoysun möhürün,
Kimi yandırsa çıxardar kömürün.
Tökmüsüz qarşıma tarix kitabın,
Verə bilmirsiniz şair cavabın.
Hələ peyğəmbəri məhşərdə görən,
Asacaq öz üzünə pərdə görən?
Ki edib lənət onun zövcəsinə.
Nə deyim tutduğu üz pərdəsinə.!
Buyurur Tanrı: - rəsul zövcələri
Anadır bizlərə*, var ayələri.
Bu qədər sizdəki var kin və qəzəb,
Başıəmmaməlilər oldu səbəb.
Sizə təbliğ eliyərkən bu dini,
Yaradıblar çox ürəklərdə kini.
Məncə ruhani deyil təkcə səbəb,
Görürəm mən həmçinin sizdə səbəb.
Ki, düşünmək nədi? Yoxdur qəti heç,
Deyilən hər sözü ud həzm elə keç.
Düşünüb dəstək olaq bir – birinə,
Bir olaq biz, sarılaq haqq ipinə.
Bu dinin sahibi Allah özüdür,
Deyilən “ip” sözü Haqqın sözüdür.


* - Əhzab surəsi 6-cı ayə
“” – Ali – İmran surəsi ayə 103
Anar Əhəd
Atacam boş başına daş dəyəcək qan çıxacaq,
O, daşın ağrısı candan çıxana, can çıxacaq.

Bu əsərnən elə bir damğa vurum nadana mən,
Düşəcək hər dediyim dillərə dastan çıxacaq.

Savadım yox, nə edim mən, təriqət alimi var,
Bu fikirnən yaşıyan məhşərə peşman çıxacaq.

Nə qədər sən belə getsən savadın olmıyacaq,
Səni yoldan çıxaran alim hər zaman çıxacaq.

Başıəmmaməlilər guya ki, dindən danışır,
Ürəyin qurdalasan zahirə şeytan çıxacaq.

Bu qədər bərkə gedib hər sözü gəl vermə hədər,
Kimə təsir etsə üç – beş günə yaddan çıxacaq.

Hələ nadan sözünün damğası üstündə, Anar,
Oxu nadan sözünü tərsinə nadan çıxacaq.
Anar Əhəd
Hər şey yaradıb Xaliqi – Sübhan yer üzündə,
Bilməz çox heyif qədrini insan yer üzündə.

İblis eliyir vəsvəsə insan yolun azır,
Yoldan çıxarır bəndəni şeytan yer üzündə.

Düş yer üzünə bir – birinə düşmən olun siz,
Durmaz həmən andan bu ana qan yer üzündə.

Yarın bizə vermiş sözü var, vədi tamamlar,
Bir gün sürərik sülh ilə dövran yer üzündə.

Virus yayılıb aləmə, aləm qarışıbdır,
Yəqin çıxarıblar yeni dərman yer üzündə.

Hərdən gedirəm sahilə mən, ərz eliyim qəm,
Boğsun deyə zalımları ümman yer üzündə.

Bitməz Anarın bir neçə misrada bu dərdi,
Yazdım yazacam bir ola imkan yer üzündə.

пятница, 11 марта 2016 г.

Nə işin var.?

Anar Əhəd
İslam dağılır məhv olur olsun, nə işin var.?
Alimdə olan səhv, olur olsun, nə işin var.?
Vurduqca təfəkkür, ağılın zəncirə insan,
Qurandan uzaq, dəf olur olsun, nə işin var.?

Mən zənciri qırmaq üçün atdım yeni bir ox,
Quran deyərək bağlanasız cəhd elədim çox.
Şair! qulağın dinc və başın dincdi, gözün tox,
Gəl əfv dilə, alim mələk imiş, xəbərin yox.
     İslam dağılır məhv olur olsun, nə işin var.?
     Alimdə olan səhv, olur olsun, nə işin var.?

Sənsən mənə dəstək bilirəm ey ulu Rəhman.
Hərdən sıxılan qəlbimə istər bu könül can.
Cəm eylə mənim üç nəfər ətrafıma insan,
Bir mənəvi dəstək verələr, can Sənə qurban.
     İslam dağılır məhv olur olsun, nə işin var.?
     Alimdə olan səhv, olur olsun, nə işin var.?

Allah qoru imanımı şeytanlar içində.
Heç qoyma tükənsin, qara zindanlar içində.
Tanrım məni qoydun elə nadanlar içində,
Bildim nə çəkirmiş Əli* insanlar içində.
     İslam dağılır məhv olur olsun, nə işin var.?
     Alimdə olan səhv, olur olsun, nə işin var.?


* - İmam Əli (ə)

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...