воскресенье, 31 декабря 2017 г.

Anar Əhəd
Zahid dağıdan məscidi abad eləməkçün,
Söz xəncəri çək zahidə bərbad eləməkçün.

Allah qələmin qüdrətini şairə vermiş,
Dustaq kimi cahilləri azad eləməkçün.

Bir Mehdi üçün yatma, oyan haqqın üçün qalx,
Xəlq olmamısan aləmə fəryad eləməkçün.

Zahid oyadarmı səni qəflət yuxusundan,
Aləm ona xoş, könlünü dilşad eləməkçün.

Zahid sayı çox olsada əngəl ola bilməz,
Qur’an kitabın hər yerə bünyad* eləməkçün.

Yazdım sözü öz haqqını insan tapa bilsin,
Söz yazmaram insanlığı naşad eləməkçün.

Allah sənə ölməzliyi vermiş ey Anar can!
Həq söz yaşayar həm yaşadar yad eləməkçün.

 *  Bünyad – Əsas

воскресенье, 3 декабря 2017 г.

Anar Əhəd
Dinidardır, buraxıb saqqalı dindarlıq edir,
Ona haqq olmağı gur saqqalı dildarlıq* edir.

Mənə min tə’nə vurur saqqalı etdikdə təraş,
Özü Allah adı altındasa murdarlıq edir.

Özü öz saqqalının yarsınacan kantı qoyub,
Mənə əhkam kəsərək şə’nimə əğyarlıq edir.

Hələ yandan biri çıxmış, bığı yox, saqqalı çox,
Gedənin körkəmi sıxlıq yaradır, darlıq edir.

Mənə o mollalrın saqqalını çəkmə misal,
O da mö’min görünüb arxada cindarlıq edir.

Kim təraş etməyi insanə həram hökmü verir,
O yalan, şər yaxaraq Xaliqə qəddarlıq edir.

Və Anar, sonda yenə də’vət elə haqqa sarı,
Onu kim qəlb ilə möhkəm tuta huşyarlıq* edir.

* Dildarlıq – Təsəlli, təskinlik
* Huşyarlıq - Ağıllılıq

воскресенье, 8 октября 2017 г.

Anar Əhəd
Sənə zahid ötürən təsbehi bir yanə elə,
Yaşa qəlbində Xuda zikrini şahanə elə.

Ey libasıyla bürünmüş, gecələr qalx ayağa!
O yatan gözləri həq nuruna pərvanə elə.

Onu yüksək tutaraq şə’ninə tə’rif deməli,
Ona şahanə olan hər sözü dürdanə elə.

Oxuyub ayələri zehninə yaz, qəlbinə yaz,
Sənə heyrətlə baxan kəsləri divanə elə.

Elə ver ayələrin şərhini ki, yanğı ola,
Oxuyub dinləyəni haqq ilə məstanə elə.

Səni şair yaradıb xilqəti yoxdan yaradan,
Tutduğun yolda nə etsən onu mərdanə elə.

Ey Anar, aləmə söznən kitabın hökmünü yaz,
Zahidin din dediyi hər şeyi viranə elə.

вторник, 26 сентября 2017 г.

Bəhri təvil                                                              
Dolanıb gəldi məhərrəm, gözün aydın ola şeytan! Düşəcək çox yerə matəm, çıxacaq can, axacaq qan, boyanar qırmızı meydan, olacaqlar sənə qurban, yığılıb bir neçə insan, salacaq məscidə üsyan, gələcək mərsiyəxandan, yeni bir mərsiyə candan oxuyarkən həyacandan, qoyacaq gözləri giryan, eliyib milləti heyran iki sözdən, vura dizdən, sora gözdən, atacaq cırmağı üzdən, arabir yoxla nəbizdən ki, ürək vurdu ya durdu, bu hüzurdu? – bu çuxurdu, yenə xoşbəxt ola İran bu günə qoydu bu yurdu! Nəyi pisdir? Gözəl hisdir, bir hədisdir, yaradırlar, yaşadırlar, hələ bunlar maşadırlar, yəni molla, iki qolla, eliyib təbliği yolla, təzə əmmamə çıxolla, min üsulnan, variantnan alacaq səhnəni rolla, danışıb bir iki hikmət, bürüsün milləti heyrət, sora əlbətdə rəvayət, olacaq gülməli söhbət, quracaq bardaşı rahət, edəcək milləti də’vət, bu məhərrəm ətirinnən duya millət, ala ləzzət, sizə cənnət ola qismət, güya ənbər qoxusundan, ona bənzər qoxusundan, bu məhərrəm eləmir fərq, ama gəl tər qoxusundan boğularsan, aman Allah bu nə ikrah? Ey ümidgah! Elə agah, ola islah. Yenə eybi yoxdu vallah deyəcəklər bu cavanlar, inananlar, qocamanlar, ürəyi eşqə yananlar o qəzəldən nəyi anlar ki, vurur şillə üzünnən, vay aman getdi özünnən, biri bəsdir, ə nə bəsdir?! Vuracaq xalq əvəzinnən. Bəsdi qardaş biri bəsdi, bu qədər vurma əbəsdi, yenə vur bir dənə vur ki, sənə bəsdi çoxu nəsdi, buların əqli şikəsdi, bu inanc bağrımı kəsdi, bu nə eşqdi, nə həvəsdi? Ürəyim bulandı əsdi. Gözün aydın ola şeytan!

Qan tərdədi nadan.
Üsyandadı insan.
Qırx gün bu müsəlman,
Olsun sənə mehman.

воскресенье, 24 сентября 2017 г.

Anar Əhəd
Təlqin* elə insanlara əfsanəni molla!
Allah evi görsət bizə bütxanəni molla!

Bədbəxtləri Allah kitabından elə məhrum,
Sox zehninə, həm qəlbinə fərzanəni* molla!

Məscidləri gəzdim ki, duyum ayeyi – Quran,
Əfsanələrin məhv edib hər xanəni molla!

Haqdan qaçan insanları məsciddə görüncən,
Cəlb eyliyərəm haqq ilə meyxanəni molla!

Məzlumlara yoxsulluğa səbr etməyi öyrət,
Tikdir özünə şah kimi kaşanəni* molla!

Əfsus ki, Allahın evindən bir əsər yox,
Gəl tə’rif edir qoyduğu viranəni molla.

Haqsızlıq üzündən Anarın sinəsi coşmuş,
Car eyliyəcəm hər yediyin nanəni molla!


* Təlqin – Hər hansısa bir fikiri, əqidəni insana hissi qəbul etdirmək üçün psixikasına təsir etmək, beyninə yeritmək.
* Fərzanə - Alim.
* Kaşanə - Saray, imarət.

пятница, 15 сентября 2017 г.

Gətirib məscidə bir tərcümə Qur’an oxuma.
Yığıb ətrafına üç – beş nəfər insan oxuma.
Buranın sahibiyəm sən mənə meydan oxuma.
Danışıb din belə, məzhəb belə dastan oxuma.
Eliyib ayələrin şərhini e’lan oxuma.
Mənim eybim görünür ay cavan oğlan oxuma.
Açılır hiylə kələklər sənə qurban oxuma.

Mən bəlağətlə edib ümməti heyran özümə,
Ağılın əldə tutub bağlamışam öz izimə.
Sən də ki, ayə deyib haqqı soxursan gözümə.
Oxuma tərcüməsin qado alım bax sözümə,
Oxuyarsan oyanarsan tüpürərsən üzümə,
Xortdadarsan məzarımdan ölü vicdan oxuma.
Eliyərsən məni sən it kimi peşman oxuma.

Gələ alim kitabın al dədəmin yadigarı,
Bir əsir oldu tamam rəngi solub, üstü sarı.
Bunu təbliq eliyincən ömürüm oldu yarı.
Axı Qur’an sənə çatmaz, onu öp, çək tumarı,
Sora bük qədtəzə bir dəsmala qoy ən yuxarı.
Kitabın varlığı olsun sənə dərman oxuma.
Desələr lap oxu nadan! Oxu nadan! Oxuma.

Nə yaman diqqət olur tərcümə Qur’an kitaba.
Bunu kim tərcümə etmiş? Öyü qalsın xaraba.
Nə qədər söyləyim ərəbcə oxu çat savaba.
Yeni bir fitnə tapıb soxmalıyam haqqısaba.
Kəkilimdən məni dartıb sürələr lap əzaba.
Yenə murdarlıq edib vermərəm imkan, oxuma.
Olaram şeytana dost, Xaliqə duşman oxuma.

вторник, 12 сентября 2017 г.

Anar Əhəd

Sənə xatir çağırıb bəndəni Qur’an yoluna,
Bəlkə düz yol tapa bildin oxu ayət demişəm.

Sanki, mən eyləmişəm də’vəti şeytan yoluna,
Məni heyrət bürüyüb ah bu cəhalət demişəm!

Necə mən tab gətirim kin dolu nadan yoluna?
Əl açıb yalvararaq ver mənə qüvvət demişəm.

Şiə lə’nət oxuyarkən Ömər, Osman yoluna,
Mən kədər içrə baxıb, şeytana lə’nət demişəm.

Sünni kəm gözləri zillər Şahi – Mərdan yoluna,
Onu eşqin yoluna eylə hidayət demişəm.

Necə layiqli bilim məzhəbi Rəhman yoluna?!
Mən Sənin ayənə iman edib vəhdət demişəm.

Bağlıyın vəhdəti Qur’an ilə Sübhan yoluna,
Yaşa dünyada ikən aləmi cənnət demişəm.
Biri uydurdu hədis yazdı kəlamlar quyudan,
Unudub Xaliqi tez tutdu avamlar quyudan.

Çox ürəkdən və beyindən silib Allah adını,
Ağ kağız tək yazacaq molla, xaxamlar quyudan.

Sən günah sahibisən Xaliqə gəl etmə dua,
Get çağır Mehdini hacətvi tamamlar quyudan.

Uca Allah nə qədər varsa günah əfv eliyir, -----   Zümər 53
Belə Allahı qoyub etmə məramlar quyudan.

Məni səndən soruşurlar, de ki Mən çox yaxınam.   -----  Bəqərə 186
Buda ayə, nə umurlar bu adamlar quyudan?!

Kimə ki bəlli olandan sora həq şirk eləsə,   -----  Nisa 116
Bunu bilsin çıxa bilməz o qulamlar quyudan.

Bu qədər ayə dedim, yoxdu sözüm, molla desə
Ki, sizin namələri Mehdi salamlar quyudan.

понедельник, 4 сентября 2017 г.

Anar Əhəd
İki can bir ola dünyada səadət tapacaq,
Və səadət yolunu ülvi məhəbbət tapacaq.

Sevgi var qəlbə düşür duyğulu anlar yaşadır,
Kölə olsan ona üstündə xilafət tapacaq.

Sevgi var şəfqəti var, ülfəti var, cənnəti var,
Onu hiss etdiyin an qəlbin hərarət tapacaq.

Sevgi var alsa başın üstünü yıxdıqda həyat,
Bir sığal görsə telin canda dəyanət tapacaq.

Sevgi var gözləri ağlar qoyaraq ruhu yuyar,
Onu duyduqda bəşər Haqdan hidayət tapacaq.

Mən deyən sevgi, məhəbbət sizə əfsanə gələr,
Yaşadıqcan anı, əfsanə həqiqət tapacaq.

Ey Anar, ruhumu satdım elə bir sevgiyə mən,
Bu canın sahibi məhşərdə şəfaət tapacaq.

четверг, 6 июля 2017 г.

Anar Əhəd
Et nihan peymanəni saqi gəlir şeytansifət,
Bir qədəh nuş etmişik qusdurmasın heyvansifət.

Qorxma gəl, görsən əgər zahirdə iblis xislətin,
Bir sözün duysan deyərsən sehrdən insan sifət.

Xaliqin rəhmi genişdir badə iç, nəfsin çəkir.
Et bu məclisdə günah, mehraba gir peşmansifət.

Bir günah etsən utansan boğsa gər vicdan, həya,
Üzdə saqqaldan hicab saxla, olar pünhan sifət.

Mən ki, dabbağda gönündən haliyəm gəlmə kələk,
Xoş kəlam, üç beş hədis etməz səni imansifət.

Gəl məzəmmmət etmə mey əhlin, olar eşqə fəda,
Mənəviyyatdan uzaq insan olur hədyan sifət.

Ey Anar, vaiz nə bilsin aləmin, eşqin qəmin.
Gördü dünya cənnətin, göstərmədi dövran sifət.

среда, 21 июня 2017 г.

Qeyb elmini Allahdı bilən, nokəri bilməz,
Çox ayəni barmaqladılar, əksəri bilməz.

Bir ayə nişan göstərirəm aç oxu öyrən,               Əraf surəsi ayə 188
Bax gör necə söylər bizə xeyri, şəri bilməz.

Cin surəsi söylər bizə aşkar açıq ayə,                  Cin surəsi ayə 26
Aydındıkı heç bir bəşəri, çakəri bilməz.

Lakin deyərək yer qoyub Allah iki yerdə,           Cin 27 / Ali İmran 179
Yə’ni ona bildirməsə peyğəmbəri bilməz.

Qeybin bu qədər ayəsi Qur’anda olarkən,
O Mehdi görən Şiələrin rəhbəri bilməz?

Haqqın sözü Qur’anda bizə nur kimi parlar,
Ümmətsə tutub müctehidi, ülkəri bilməz.

Sən ayəni izhar elə batillər önündə,
Səbr et, və Anar bil ki, bu insan zəri bilməz.

воскресенье, 14 мая 2017 г.

Anar Əhəd
Sizə zahid dəyişir güzgü nağıldan – nağıla,
Oturun siz də vurun mürgü nağıldan – nağıla.

Yenə getdiz yuxuya, bir salavat zikri edin.
Oyanın pozmuyun ahəngi nağıldan – nağıla.

Bura Allah evidir yatmaq üçün gəlməmisiz,
Gəlmisiz bəsliyəsiz sevgi nağıldan – nağıla.

Bəzi uydurma nağıl kin yaradır aşiq üçün,
Qəzəbindən dəyişir rəngi nağıldan – nağıla.

Nağılın ardı kəsilməz, nağılın yoxdu sonu!
Bəlkə bunlar ödəyir vergi nağıldan – nağıla?!

O nağıllardı səbəb Tanrı evindən uzağam,
Adamın qopmaz imiş əngi nağıldan – nağıla.

Gələcək gün, yıxacam sözlə cəhalət qalasın,
Aşacaq üstünüzə hörgü nağıldan – nağıla.

вторник, 25 апреля 2017 г.

Ya mövla, ya Mehdi.

Nə zamandır səni üzmüş zühurun dərdi – səri.
O bulağdan süzülən qətrələrin yox qədəri.
Ya Əbəlfəzl denən at ürəyindən kədəri.
Görəcəksən ki, gəlir Mehdi qapından içəri.
Bax, əgər gəlməsə heç üzmə ümid aç səhəri.
Və səhər gəlməsə mütləq edər axşam səfəri.
Səhər axşam, səhər axşam cümədir müxtəsəri.
Uca səsnən ona səslən, sənə etsin nəzəri.

Çağır o şahı çağır.
Çəkərək ahı çağır.
Qoparıb vahı çağır,
Çağır o şahı çağır..
Hərdən Allahı çağır.!

Qıl namaz, bir də fərəcdən oxu həm eylə məram.
Ki həmin an eliyir diqqəti hər yerdə imam.
Mən qulam, sən də qulam həm o da Allaha qulam.
Xaliqin bəndəsi Xaliqlə tutar eyni məqam?
Bu cəhalət dənizin dalğası udmuş çox adam.
Onu Qur’anla yenib etməlisən əqlüvə ram.
Ya özün mehdi olub anmalısan haqqı tamam.
Ya da nadanlıq edib sürməlisən ömrü avam.

Çağır o şahı çağır.
Çəkərək ahı çağır.
Qoparıb vahı çağır,
Çağır o şahı çağır..
Hərdən Allahı çağır.!

суббота, 15 апреля 2017 г.

Bumu təfsir, gətirir bəs niyə ayət mənə şübhə?
Səni ruhani bilən dindara heyrət! sənə şübhə.!

Oda atmışdı cəhənnəmdə günahkar birin Allah,
Əli almış onu, etmişdi şəfaət. Yenə şübhə.!

Çox təfəkkürlər əsirdir, nə zamandır ki, şikəstdir.
Girə sahiblərinin qəlbinə xəlvət enə şübhə.

Demə neyçün qələmin əhli yazır haqqıma hər söz,
Nə edim mən görürəm səndə kifayət dənə şübhə.

Ey Anar, mollanümalər çoxalıb, hansını görsəm
Elə möhkəm salır ürpərməni dəhşət tənə şübhə.

среда, 29 марта 2017 г.

Anar Əhəd
Anar Əhəd – Razılıq
Sabirin varlığı dönməz qəti bundan sonra.
Mənə kimdir eliyən cür’əti bundan sonra?
Kişinin yoxluğu əmmamə uçurdub mənə çox,
Oxuyum ruhuna min rəhməti bundan sonra.
Zalımın oğlu yatan xalqı oyatmış necə də..
Yatırım birdə gərək ümməti bundan sonra.
Qara millətdi, cəhalətdə boğulsun getsin.
Mən yığım altıma var dövləti bundan sonra.
Ataram ortalığa batini, tez fırladaram
Haqqıma qarşı çıxan ayəti bundan sonra.
Binəvalıq daşın atdım edərək cahilə tuş,
Tutacaq tutmayacaq qisməti bundan sonra.
Hara qoysam bu mübarək qədəmi pir edərəm,
Çarəsizlərdə dilər hacəti bundan sonra.
Nə gözəldir, belə islamə fəda can edərəm,
Dəyişən olmasın heç adəti bundan sonra.
Nə sataşmaq, ələ salmaq ada bax, hörmətə bax,
Ola bilməz üzə ağ söhbəti bundan sonra.
Avamın ağzı nədi bir sözümü üç eləsin,
Yerə düşməz ağanın qüdrəti bundan sonra.
Day ölürsən, sənə zəhmət məni əzrailə de,
Gəlməsin tez, tapıram rahəti bundan sonra.
Bu gediş Xaliqə xoşdur, O da əskik eləməz,
Yer üzündən bərəkət, ne’məti bundan sonra.

четверг, 16 марта 2017 г.

İmamə namə

-         Nə yazırsan yenə şair, qələmin çartdamasın?
-         Yazıram hacətimi namələrə qurtdamasın.
-         Nə edəssən? – deyirəm də ürəyin partdamasın.
Quyu var sizdə, atıb ən dərinə.
Yetişər Mehdimizin məhzərinə.

-         Sənə gəl başqa yolun ərz eliyim kamına çat.
O imam məzarların bir kərə gör çək salavat.
Yazılan namələri bir məzarın üstünə at.
Çıxacaq namə imam qənşərinə.
Qəti şəkk eyləmə həq bənzərinə.

-         Bu imamın imeyil* adresi yoxdur görəsən?
Nə lüzum namə üçün pul tökəsən, yol gedəsən?
Girib internetə bir düymə sıxıb göndərəsən.
Yetə tez Xaliqimin yavərinə.
O da baxsın ürəyin dərd sərinə.

-         Səni mən anlamadım dost, eliyirsənmi lağa?
Bəs bayaq hacətini sən ki, yazırdın varağa.
Hansı it dişlədi durdun belə tərsdən ayağa?
Uyaraq bir dəli şeytan şərinə,
Çıxaraq qarşı cahan sərvərinə,
Elədin lağlağı din rəhbərinə.
Yoxsa, qoydun məni axmaq yerinə?


* E-mail (elektron poçt ünvanı)

воскресенье, 5 марта 2017 г.

Elə qorxunc, elə kabus, elə vəhşətdi qəbir,
Öləcəksən görəcəksən necə dəhşətdi qəbir.
-         Məni qorxutma amandır bədənim tir – tir əsir.
-         Hə balam hə, nə edək? hər kəsə qismətdi qəbir.
-         Yenə qoydun gopu qaznan dəmə ay molla əmi?
-         Yox balam yox, sənə qurban, qara zülmətdi qəbir.
Sıxacaq cismini var güc ilə qüvvətdi qəbir,
Verəcək ağrını möhkəm cana zillətdi qəbir.
-         Neçə atmasfer olar? Lap marağım artdı mənim.
-         Boy balam boy, məzə çırtlatma həqiqətdi qəbir.
-         Axı ruh yox, cana bir ağrı nə cür təsir edər?
-         Ay balam ay, bu müəmmalıdı, hikmətdi qəbir.
İki aləm arası, varlığı qürbətdi qəbir,
İztirab çəkməyə hicran evi, firqətdi qəbir.
-         Toz olub torpağa cismin qarışır, yoxdu əzab.
-         Vay balam vay, nə dedin? tövbə qiyamətdi qəbir.
-         O qiyamət dediyin məhşərə Allah sözüdür.
-         Ah balam ah, xəbərün yoxdu ki ayətdi qəbir.
“Biz əzabdan ikisin daddırarıq” ayədi bu*.
Biri məhşərdə olandır, biri ibrətdi qəbir.
-         Yenə kəsdin oxudun ayəni, artıq nə deyim?
-         De balam de, bizə bir mövzudu ülfətdi qəbir.
-         Sonu var ayəmizin, haqq yola dönməklə bitir.
-         Of balam of, məni alsın o fəlakətdi qəbir.
Kafirin halına vay oldu, zəlalətdi qəbir.
Xoş o möminlərə ki onlara cənnətdi qəbir.
-        Pis adamdırsa ölən, məhşərəcən ruh sıxılır,
           Qəti uydurma nağıl cismə xəsarətdi qəbir.
           Və ölən yaxşı adamdırsa əgər ruh sevinir,
           Demə, cənnətdi qəbir, möminə ləzzətdi qəbir.

Ay hərarətdi qəbir,
Vay xəcalətdi qəbir,
Yox rəzalətdi qəbir.
Kimə qismətdi qəbir,
Ona rahətdi qəbir.


*Səcdə surəsi ayə 21

воскресенье, 26 февраля 2017 г.

Anar Əhəd
Yaz, yaz qələmim bir neçə misra Qarabağdan,
At sən də bu söz mülkünə imza Qarabağdan.

Firon törədən vəhşiliyin bənzəri sənsən,
Gəl çıxmadı ancaq yeni Musa Qarabağdan.

Haqsız o axan qanlara aləm özü şahid,
Məhşərdə şəhadət elə dünya, Qarabağdan.

Gəl olmasa barmaq bulayan güc əli dəstək,
Görməz qəti heç erməni röya Qarabağdan.

Düşmən əli sıxdın, mənə qardaş demə artıq.
Get molla yetişdir verə fətva Qarabağdan.

Millət hələ bilmir nə oyunlar dönür orda,
Tarix edəcək hər şeyi ifşa Qarabağdan.

Vursun Anarın qəlbinə xəncər yeri qoysun,
Dönməz yenə qəlbindəki sevda Qarabağdan. 

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...