среда, 30 марта 2016 г.

Anar Əhəd
O izin verməsə kimdir Ona iman gətirən?
Odur iman yaradan, haq yola insan gətirən.

Həqqə iman yolu əqlin yolu, eşqin yoludur,
İki nemət olacaq möminə ürfan gətirən.

Tək ağıl etmədi öz əhdinə sadiq səni həm.
O vəfa, eşq idi, ey oğlunu qurban gətirən!

İki səsdən biri həmdəm, biri düşmən bəşərə,
Bu çətin anda ağıl olmalı fərman gətirən.

Demə eşqim mənə bəsdir, ağılın çox rolu var,
Ağılın yoxluğudur cahilə nöqsan gətirən.

Cənnətin müjdəsi var, qarşılığı sevgi olan,
O həmən sevgidi can ruhuna dərman gətirən.

Ey Anar, gəl qoru öz sevgini, söz qüdrətini,
Axı kimdir səni tək aləmə dastan gətirən.?

суббота, 26 марта 2016 г.

Anar Əhəd
Şeytan bəşərin düşməni zahirdə görünməz,
Qəlbin duya təkfir elə, təkfirdə görünməz.

Xaliq sənə açmış qapı Ondan dilə insan!
Bax gör nə kəramətdi dua, pirdə görünməz

Müşrikləri iblis kimi xislətdə görərsən,
İman nuru mömindədi, kafirdə görünməz.

Yoz ayəni, ey qəlbi xəbis nəfsinə uyğun,
Sağlam ağıla həq kimi təvsirdə görünməz.

Allah özünü vəsf eliyən tək Onu vəsf et,
Allah özü bir sirr kimidir, sirr də görünməz.

Çox şənimə tərif dedilər, Yarə sığındım.
Qəflətlə təkəbbür gələ təqdirdə görünməz.

Hər kəs oxuyar dərk eliyər əqlinə uyğun,
Lakin Anarın niyyəti təhrirdə görünməz.

пятница, 18 марта 2016 г.

Anar Əhə.
Cahil və Molla

-Molla əmmaməsi olsun kəfənim can verərəm,
Mənə bərzəxdə zaval yox, canı qurban verərəm.
-Bala, aləmdə kəfən yoxdu ki, murdar leşüvə?
Hələ sən gir məzara mən sənə yorğan verərəm.

-Su gətir birdə ləyən, pak ayağın mən yuyaram,
O sudan nuş edərəm, dərdimə dərman verərəm.
-Bala, murdar sudu, murdarlığı at bir qırağa,
Həyətimdən, bulağımdan sənə ehsan verərəm.

-Sən mənim ali-məqam, paki-münəzzəh mələyim,
Səni rəhbər bilərəm, hər yerə elan verərəm.
-Bala, mən əqlüvə heyrət eliyib, mat qalıram,
Görəsən hardasa heç bir dəfə nöqsan verərəm?

-De Anar, söz sənə çatmış, bu işin ismini ver.!
Qaqa, gəl mollanı çıx, axmağa nadan verərəm.
O münəzzəh mələyə söz demək olmaz qadası,
Söz desəm, axmağa xoddanmağa imkan verərəm.

среда, 16 марта 2016 г.


Anar Əhəd
Nə gözəl şeydi cəhalət, iki fətva verirəm,
Öpülür əl, ayağım cahilə dünya verirəm.

Son imam naibiyəm çox olub onnan görüşüm,
Mən onun əmrini, fətvasını icra verirəm.

Mənə təqlid elə gəl yaxşı əməl sahibi ol,
Mən hidayət nuruyam aləmə təqva verirəm.

Dəyişin cinsinizi ey kişilər*, şübhəsi yox,
Mən zəmanət ilə insanlara üqba verirəm.

Başıəmmaməlilərdən belə nöş yazdı Anar?
Düşünən kəslər üçün söz ilə misra verirəm.
Anar Əhəd
Kim ağıl sahibidir dil sözü hikmət deyəcək,
Ona həm eşqi verib qəlbinə qüvvət deyəcək.

Mən yazıb xalqıma haq yolda əsərlər qoyacam,
Səmərin kim görəcək eşq ilə rəhmət deyəcək.

Ağılımdan süzülən ayələrin şərhi üçün,
Mənə cahil söyəcək, mollasa lənət deyəcək.

Neçə insan gələcək üstümə gəl yazma belə,
Məni eşqim ovudub səbr elə əlbət deyəcək.

Anarın bir sözü var, bil, yerə qoymaz qələmin,
Ya ölüncən, ya bitincən bu cəhalət deyəcək.

вторник, 15 марта 2016 г.

Anar Əhəd
Müstəzad -- Molla & Qadın

Bir molla əmi təxmini qırx - əlli yaşında.
Əmmamə başında.
Qarşında qadın xeylağı var cahi – cəlalnan.
Beynində sualnan.
Bir cinsi təmas qəlbimə düşmüş, nə edim mən?
Sormuş ona birdən.
Mat – mat diyanıb molla demiş, etmə günahdır.
Gəl getmə günahdır.
Bir anlığa nəfsin cilovun versəm əlimnən,
Olsammı həkimnən?
Məhşərdə cəhənnəmdə sənin ətvi didərlər.
Narkozsuz edərlər.
Bəs mən nə edim əmrimə üstün gələn hisnən?
Olsammı polisnən?
Qız dərvi soyarlar elə, hörmət belə keçməz.
Rüşvət belə keçməz.
Sağ qonşumuzun oğluna him – cim eləsəm bəs?
Bilməz bunu heç kəs.
Hərçənd özü bir molla papaq həq yolu tutmuş.
Iman dolu tutmuş.
Qız sən, diyəsən cənnətə getmək diləyin var.
Çox saf ürəyin var.
Tapdın daha sən həq yolu axır ki, nəhayət.
Vacib sənə cənnət.
Mən hazıram əlbət.
Kəffarəsi məndən,
Et könlüvü rahət.

понедельник, 14 марта 2016 г.

Anar Əhəd
Mən yazardım sözümü qəmdən ibarət Hüseyn,
Nə götürsün acı qəmdən axı millət Hüseyn?

Mənə ilhamdı gələn şübhə deyil, sorğu deyil,
Baxıram dində olan adətimiz doğru deyil.
Mənə, həq söyləməyim zərrə qədər qorxu deyil,
Sənə cahildən edim təkcə şikayət Hüseyn.

Bir nida həsrətini çəkmisən ildən ilə bax.
Geri dön, üzmə dəniz dalğaların, sahilə bax.
Hədisin hikmətini anlamayan cahilə bax,
O bir ilhamdı olub bizdədi əlbət, Hüseyn!

Hansı rəhbər* buyurub cismini zəncirlə sarı?
Birinin ismini hallandıra bilsəydi barı.
Verdi iman nuru aləmlərin Pərvərdigarı,
Bu səbəbdən mənə ağırdı cəhalət Hüseyn.

Oturub səncə ümid bağlamağın xeyri nədi?
Hər məhərrəm sənə yas saxlamağın xeyri nədi?
Sənə göz yaşı töküb ağlamağın xeyri nədi?
İntiqam olmasa almaq mənə qismət Hüseyn.

Yenə bir səhv tutacaqlar Hüseyndən deyənə,
Deyəcəklər dəlidir dərdini söylər ölənə.
Ölü əsla demə gəl Tanrı üçün can verənə.**
Çoxu dərk eyləmiyir ayədə hikmət Hüseyn.

Mən yazardım sözümü qəmdən ibarət Hüseyn,
Nə götürsün acı qəmdən axı millət Hüseyn?


*    İmam Hüsey (ə) sonra gələn imamlar nəzərdə tutulur.
**  Bəqərə surəsi ayə 154
Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz.
Anar Əhəd
Bu məhərrəm yığılıb bir yerə üsyan çıxarın,
Yararaq baş gözü, al qan olaraq can çıxarın.

Mən təfəkkürdə olan zənciri qırmaqda olum,
Siz gedin məscidə zəncir vuraraq qan çıxarın.

Nə gərək var axı, qan tökməyə dəccal yarana?
Hər məhərrəm çıxarırsız belə şeytan çıxarın.

Hüseyn oldu şəhid həq dini islam yaşasın,
Özünüzdən yeni adət, yeni dövran çıxarın.

Anarın gözləri durmaz Hüseyn ismi gələ,
Olmayanlar mənə şahid, məni duşman çıxarın.!
Anar Əhəd
Eşq aləmi hikmət dolu dərya, qəmi vardır.
Dərya səni cəlb etdisə dünya qəmi vardır.

Sən Tanrını sevmək belə asanmı sanırsan?
Məcnun kimi aşiqlərə Leyla qəmi vardır.

Eşqin ki böyük oldusa, Xaliq tərəfindən,
Ağır sınağın yolları, hətda qəmi vardır.

Təklik məni haqlar sözü düz, haqqı deyəndən,
Qəlbimdə mənim haqq Əli mövla qəmi vardır.

Səbr et ey Anar, bax götür ibrət Hüseyindən,
Tarix boyu eşq əhlinə sevda qəmi vardır.
Anar Əhəd
Ey özündən bixəbər qafil, oyan.
Həqqə gəl ki, həq deyil batil, oyan.
_____________________İ.Nəsimi.
------------
Ey təfəkkürdən uzaq cahil, oyan.
Kəm ağıldann nə olar hasil? oyan!

Baxma zahid elmə çox vaqif olub,
Olma hər bir kəlməyə mail, oyan.

Gəl düşün həqqi götür əqlin ilə,
Həqqə sən olmaq üçün nail, oyan.

Qır təfəkkürdə olan zənciri sən,
Etmə Tanrı nemətin zail, oyan.

Mən Anar həqqi özümdən yazmıram,
Həqq fəqət həqdən olur nazil, oyan.
Anar Əhəd
Bu nə qanun, nə ədalət, necə insan yaşasın?
Nə qədər zülmə verib haqqını qurban yaşasın?

Xaxolun aylığın ölkəmdə vətəndaş bir ilə,
Ala bilmirsə nə cür onda firavan yaşasın?

Kasıb aylıq gəliri ingilisin bir günüdür,
Qoca dövlət yaradır əcnəbi dövran yaşasın.

Belə dövran yaşayan kəs, Qarabağdan ötəri,
Nə həvəsnən eləsin düşmənə üsyan yaşasın?

Canı qurban eliyər torpağa haqq əhli olan,
O da alsın o, Mübariz kimi ad – san yaşasın.

Tanrının razılığın o vaxtı rəhbər qazanar,
Yaradıb xalqı üçün hər cürə imkan yaşasın.

Ey Anar bax neçə insan sənə düşmən çıxacaq,
Neçə insan deyəcək əla qəzəlxan yaşasın.
Anar Əhəd
Verdin mənə qəm, qüssə, kədər çəkdim İlahi,
Çəkməzdi bunu bircə nəfər, çəkdim İlahi.

Rəssam belə bir mənzərədən çəkməyə aciz,
Gəl gözlərə bax, bəhri xəzər çəkdim İlahi.

Allah sınıyar dostu çətin yollu sınağnan,
Bildim nə üçün mən bu qədər çəkdim İlahi.

Şeytan mənə yol tapmaq üçün cəhd eliyəndə,
Səbrim ilə bu yolda çəpər çəkdim İlahi.

Xoş gündə unutsam Səni, Ya Rəbb, mənə qəm ver,
Sənsiz keçirən anı zərər çəkdim İlahi.

Tanrım Anarı qoyma ki, Sənsiz qala bir an,
Şeytan mənə utdurdu zəhər çəkdim İlahi.

суббота, 12 марта 2016 г.

Anar Əhəd
Elə misra deyerəm hər sözü zinət görünər,
Üzü bir sadə fikir, batini hikmət görünər.

Mən deyən haqqı dilimnən uca Allah danışar,
Eşidən xalqıma insan kimi surət görünər.

Nə bilirsən nədi batin, onu Xaliq eliyər
Seçilən bəndəyə ilham kimi, xəlvət görünər.

Əlinin eşqi ilə batinə yol tapdı ürək,
Əlisiz hər iki dünya mənə zülmət görünər.

Bu qəzəlnən səni çox kəs qınıyar, baxma Anar,
Səni anlar o adam, onda bəsirət görünər.
Anar Əhəd
Torpaqdı möhür, eyləmirəm daş, dağa səcdə,
Et səcdəni etmiş necə Mövla, Ağa səcdə.

Zahirdə görürsən eliyir Adəmə səcdə,
Batində mələklər eliyib torpağa səcdə.

Xəlq eyləmisən Sən məni oddan, onu gildən,
Mən üstünəm ondan, eliyim alçağa səcdə?*

Bir səcdə ki Allah buyuran səcdə deyilsə,
Gəl incimə, dəyməz atılan dırnağa səcdə.

Həq söz de Anar, xəlq görə Allah necə vermiş,
Qopmuş budağından eliyən yarpağa səcdə.


* - Bu beytdə iblis danışır.
Anar Əhəd
MƏSNƏVİ

Lənət oxuyanın dilindən
--------------------------------
Bu cümə axşama məclis qurağın,
Yığışıb cəm olağın, dəm vurağın.
Açarıq biz Ömərin söhbətini,
Əlinin qəsb eliyib sərvətini.
Oxu bax gör Əlinin yoldaşına,
Nə zülümlər gətiriblər başına.
Bu səbəbdən ona lənət oxuyaq,
Pisə yox yaxşıya rəhmət oxuyaq.
Əli aşiqlərinin qəm dağı var,
Kim sübut istəsə ver qaynağı var.

Məndən cavab
 -------------------
Gətirib qaynağı dərs vermə mənə,
Hələ qaynağla keçim dərsi sənə.
Bu qədər zülmə Əli neylədi bəs?
Susaraq səbr eliyib etmədi səs.
Sualım var, niyə səbr etdi Əli?
Qala islam diyə səbr etdi Əli.
Bir nəfər heç düşünən varmı görən?
Az qədər heç düşünən varmı görən?
Oxuduqcan Ömərin lənətini,
İtirirsiz Əlinin zəhmətini.
Bu fikir hər kəsə qoysun möhürün,
Kimi yandırsa çıxardar kömürün.
Tökmüsüz qarşıma tarix kitabın,
Verə bilmirsiniz şair cavabın.
Hələ peyğəmbəri məhşərdə görən,
Asacaq öz üzünə pərdə görən?
Ki edib lənət onun zövcəsinə.
Nə deyim tutduğu üz pərdəsinə.!
Buyurur Tanrı: - rəsul zövcələri
Anadır bizlərə*, var ayələri.
Bu qədər sizdəki var kin və qəzəb,
Başıəmmaməlilər oldu səbəb.
Sizə təbliğ eliyərkən bu dini,
Yaradıblar çox ürəklərdə kini.
Məncə ruhani deyil təkcə səbəb,
Görürəm mən həmçinin sizdə səbəb.
Ki, düşünmək nədi? Yoxdur qəti heç,
Deyilən hər sözü ud həzm elə keç.
Düşünüb dəstək olaq bir – birinə,
Bir olaq biz, sarılaq haqq ipinə.
Bu dinin sahibi Allah özüdür,
Deyilən “ip” sözü Haqqın sözüdür.


* - Əhzab surəsi 6-cı ayə
“” – Ali – İmran surəsi ayə 103
Anar Əhəd
Atacam boş başına daş dəyəcək qan çıxacaq,
O, daşın ağrısı candan çıxana, can çıxacaq.

Bu əsərnən elə bir damğa vurum nadana mən,
Düşəcək hər dediyim dillərə dastan çıxacaq.

Savadım yox, nə edim mən, təriqət alimi var,
Bu fikirnən yaşıyan məhşərə peşman çıxacaq.

Nə qədər sən belə getsən savadın olmıyacaq,
Səni yoldan çıxaran alim hər zaman çıxacaq.

Başıəmmaməlilər guya ki, dindən danışır,
Ürəyin qurdalasan zahirə şeytan çıxacaq.

Bu qədər bərkə gedib hər sözü gəl vermə hədər,
Kimə təsir etsə üç – beş günə yaddan çıxacaq.

Hələ nadan sözünün damğası üstündə, Anar,
Oxu nadan sözünü tərsinə nadan çıxacaq.
Anar Əhəd
Hər şey yaradıb Xaliqi – Sübhan yer üzündə,
Bilməz çox heyif qədrini insan yer üzündə.

İblis eliyir vəsvəsə insan yolun azır,
Yoldan çıxarır bəndəni şeytan yer üzündə.

Düş yer üzünə bir – birinə düşmən olun siz,
Durmaz həmən andan bu ana qan yer üzündə.

Yarın bizə vermiş sözü var, vədi tamamlar,
Bir gün sürərik sülh ilə dövran yer üzündə.

Virus yayılıb aləmə, aləm qarışıbdır,
Yəqin çıxarıblar yeni dərman yer üzündə.

Hərdən gedirəm sahilə mən, ərz eliyim qəm,
Boğsun deyə zalımları ümman yer üzündə.

Bitməz Anarın bir neçə misrada bu dərdi,
Yazdım yazacam bir ola imkan yer üzündə.

пятница, 11 марта 2016 г.

Nə işin var.?

Anar Əhəd
İslam dağılır məhv olur olsun, nə işin var.?
Alimdə olan səhv, olur olsun, nə işin var.?
Vurduqca təfəkkür, ağılın zəncirə insan,
Qurandan uzaq, dəf olur olsun, nə işin var.?

Mən zənciri qırmaq üçün atdım yeni bir ox,
Quran deyərək bağlanasız cəhd elədim çox.
Şair! qulağın dinc və başın dincdi, gözün tox,
Gəl əfv dilə, alim mələk imiş, xəbərin yox.
     İslam dağılır məhv olur olsun, nə işin var.?
     Alimdə olan səhv, olur olsun, nə işin var.?

Sənsən mənə dəstək bilirəm ey ulu Rəhman.
Hərdən sıxılan qəlbimə istər bu könül can.
Cəm eylə mənim üç nəfər ətrafıma insan,
Bir mənəvi dəstək verələr, can Sənə qurban.
     İslam dağılır məhv olur olsun, nə işin var.?
     Alimdə olan səhv, olur olsun, nə işin var.?

Allah qoru imanımı şeytanlar içində.
Heç qoyma tükənsin, qara zindanlar içində.
Tanrım məni qoydun elə nadanlar içində,
Bildim nə çəkirmiş Əli* insanlar içində.
     İslam dağılır məhv olur olsun, nə işin var.?
     Alimdə olan səhv, olur olsun, nə işin var.?


* - İmam Əli (ə)
Anar Əhəd
Müstəzad

Alim! Eləsən ayəni təfsir, ola bir səhv.
Allah sənə neylər.
Səhvdən gəmi qərq olsa dəniz xalqı edər məhv.
Həzrət Əli söylər.
O səhvi ki, sən eyləmisən bax o səbəbdən.
İnsan günah eylər.
Fətfası verilmiş deyərək cismi tələbdən.
Artıq tamah eylər.
Meylin salaraq bir dula qardaş, ata bilməz.
Sönsün təki şəhvət.
Hər kim ki, bu cür siğə edir əqlinə gəlməz..?
Qardaş, ata qeyrət.
Bir ad qoyaraq siğəyə pozğunluğa yan bax.
Pis fitnə salırsan.
Millət səni görmür, görürəm mən səni ax..ax...
Tül pərdə salırsan.
Hər bir kəbinin kəsilməsi Rəhmana xoşdur.
Üç, beş saat olmaz.
Ancaq kəbinin pozulması şeytana xoşdur.
İblis rahat olmaz.
Son ayəni öz nəfsinə uyğun bəzəyirsən.
Həq düz bizə çatmır.
Çox zənn eliyən var belə düzgün eləyirsən.
Heç əqlimə batmır.
Allah buyurur ayədə müstəsnadı onlar.
Kimlərdi? əsirlər.
Diqqət yetirin bax bura istisnadı onlar.
Təfsirdə kəsirlər.
Müstəsna olan qadınları silmə yadınnan.
Təfsir eləyərkən.
O vaxt kişilər faydalanıb əsir qadınnan.
Cismən diləyərkən.
Gəl indi bizim vaxta baxaq, varmı həmən hal?
Ölkəmdə misalçun.
Üç arvadı var, əlli yaşında şəvə saqqal.
Dul qaşı hilalçun.
Min hoqqa edər, hiylə edər istəyə çatsın.
Dulnan gecə yatsın.
Bir molla yazar cızma qara haqqı yaratsın.
Ax... kaş başı batsın.
Kim istəsə bu ayəni icra edə bir gün.
Bilsin nədi hikmət.
Hikmət kimə aydındısa o hökmünü düzgün.
Mütləq edər əlbət.
Hikmət özü hikmət dolu Quran kitabında.
Zəhmətlə varaqla.
Tapdınsa Anar həq yolu Quran kitabında.
Sıx qəlbə qucağla.
Gəl həmd elə ağla.
Söz haqq ilə bağla.
Çoxdur arayan yol,
Zülmətdə çırağla.

четверг, 10 марта 2016 г.

Anar Əhəd
Müstəzad

Şair yaranıb aləmə Allah tərəfindən,
Söz var eləməkçün.
Cahillərə bir ox ataraq vur hədəfindən.
Huşyar eləməkçün.
Tük çatmasa diz oynağa saqqal demərik biz.
Bir nur kimi çöhrə.
Bir barmağa, üç barmağa saqqal demərik biz.
Ən az yarı metrə.
Neynim əxi saqqal uzanıb biz kimi batsın?
Ümmət yoludur bu?
Əl vurma amandır qoy uzansın dizə çatsın.
Sünnət yoludur bu.
Baxdım nəyə oxşar belə görkəm və düşündüm.
Axırki nəhayət.
Tapdım kökü hardan sizə çatmış, nə düşündüm?
Dəhşətdi bu dəhşət.
Var bir keçi buynuzludu, saqqaldadı, bığsız.
Ayaqları çarpaz.
Get rəsminə bax gör necə bir haldadı bığsız.
Var qolları pərvaz.
Allah bizə yar ol belə məzhəbləri qaldır.
Qoyma sola İslam.
Məzhəbdə zəhərnən gəzən əqrəbləri qaldır.
Qoy bir ola İslam.
Çıx car elə aşkar de ki, Sünni, Şiə qardaş.
Əlbət Ömər üçün.
Xəlvət çəkilib bəs oxuyursan niyə qardaş ?
Lənət Ömər üçün?
Əhsən sənə əhsən, belə qardaşlığa əhsən.
Dilşad ola düşmən.
Dindir Anarın qəlbini dinsin, danışım mən.
Ey sünni eşit sən.
Peyğəmbərə mənsub yolumuz sünnə deyirsən.
Tək haqq yolu varmış.
Gördüm necə haqdır, görəsən sən nə deyirsən?
Dörd cür qolu varmış.
Dörd qollu olan məzhəbə haqq yol demərəm mən.
Allahdı pənahım
Həm bir şiə tək alimi rəhbər edərəm mən?
Həzrət Əli şahım.
Ey dil, de ki, bir məzhəbə mənsub deyiləm mən.
Eşq əhliyəm ancaq.
Eşqim mənə nurdur, məni qoymaz əyiləm mən.
Etmiş uca bir daq.
Eşq Əhli-Beyitdir məni Allaha yönəldən.
Hər an mənə nurdur.
Şeytan çalışır azdıra, çox düşsədə əldən,
Quran mənə nurdur.
Sübhan mənə nurdur.
Rəhman mənə nurdur.
İman mənə nurdur.
Hər an mənə nurdur.
Anar Əhəd
Gəlmişəm qəm dolu dünya evinə,
Gedirəm eşq ilə üqba evinə.

Kim ki, bir ayədə hikmət diliyər,
Özü öz qəlbinə nurdan çiliyər.
Ona Allah özü ilham eliyər,
Təki qəlbən düşə sevda evinə.

Gəlmişəm qəm dolu dünya evinə,
Gedirəm eşq ilə üqba evinə.

Nə qədər etsə günah nemətimə,
Eləsin bəndə ümid qüdrətimə.
Onu mən çatdıraram rəhmətimə,
Tökə bir göz yaşı dərya evinə.

Gəlmişəm qəm dolu dünya evinə,
Gedirəm eşq ilə üqba evinə.

Arayırsan hey ibadət nurunu,
Tapa bilmirsən hidayət nurunu.
Ala bilməz qara zülmət nurunu,
Gələ bilsən Əli mövla evinə.

Gəlmişəm qəm dolu dünya evinə,
Gedirəm eşq ilə üqba evinə.

Əli eşqdir, düşə hər kim izinə,
Ona imanı verər nur üzünə.
Ey Anar, gəl demə aşiq özünə,
Düşməmişdən hələ şeyda evinə.

Gəlmişəm qəm dolu dünya evinə,
Gedirəm eşq ilə üqba evinə.

среда, 9 марта 2016 г.

Anar Əhəd
MƏSNƏVİ

Ayə desəm mən eləsəm təfsirin,
Üstümə cahil qıracaq zəncirin.
Sən axı kimsən, nəçisən qardaşım?
Ayəni təfsir edəsən qardaşım.
Sən nə axundsan, nədə bir mollasan,
Üz tutaraq getmə çətin yolla sən.
Tanrı mənim bol eləsin səbrimi,
Haqqa gedən yol eləsin səbrimi.
Haqq bizə hikmət dolu Quran verib,
Cümlə bəşərçün kitabın göndərib.
Molla üçün, axund üçün gəlmiyib.
Sadəcə cahil dəyərin bilmiyib.
Düşdü uzaq bimədi Quran nədi
Bəs nə üçün görmədi Quran nədi?
Alimə bel bağladı birdən birə,
Vurdu təfəkkür, şüurun zəncirə.
Məndə gedim Qumda alım təhsili,
Sərf eliyim on ili, on beş ili.
Rütbə alım molla, axund, müctehid,
Təqlidi etsin mənə Məmməd, Səid.
Ad götürüm mən özümə bir kərə,
Uzunluğu sığışmasın dəftərə.
Qapqara saqqal buraxım üç çərək,
Birdə üzük barmağa, mütləq gərək.
Üstə əba, başda da əmmaməni,
Sonrada minbərdə görün siz məni.
İstədiyim ayələrin təfsirin,
Mən edərəm mızlamazlar heç birin.
Kimdi ki, Quranı açıb yoxlıyan.
Birdəfəlik alimə bel bağlıyan,
Zənn eliyir hər şeyi düz söyliyir,
Ən böyük Alim kitabın neyliyir.
Naibidir son imamın müctehid,
Doğru deyər hər kəlamın müctehid.
Vay, nə dedim mən belə etdim, nəsə...
Başqa dərin mövzuya getdim nəsə..!
Mat diyanıb əyməginən qəddini,
Oxu Qəmər surəsi on yeddini.*
Dərk eləsən Tanrı sözün, hikmətin,
Bəlkə anarsan Anarın söhbətin.

*Qəmər surəsi / ayə 17
Həqiqətən Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?
Anar Əhəd
Hər kim ki, salıb qəlbinə pis niyyət utansın,
Allah eliyər qəlbə nəzər əlbət, utansın.

Sərvət dolu ölkəmdə kasıbsansa utanma,
Qoy qarə qızılnan öyünən dövlət utansın.

Dünya özü nemət dolu, yoxsullara gəl bax,
Kimlər ki, yığır qəbri üçün sərvət utansın.

Ey əvvəli nütfə, sonu torpaq, sənə heyrət!
Bir an düşünərkən eliyən ibrət utansın.

İnsan yaradıb, cənnətə layiq bilib Allah,
Bədbəxtdi bu dünyaya verən qiymət, utansın.

Şairdi Anar, söz düzərək güzgü yaratmış,
Öz eybini kim görsə, edib diqqət utansın.
Etdi bülbül yenə pərvaz qonaraq gül başına,
Anar Əhəd
Yığışıb gəldi çəmən gülləri bülbül başına.

Belə bir mənzərə ağbirçəyə xoş gəlmədi heç,
Dedi: ah, daş düşə göydən dəyə yüngül başına.

Siqaret istədi, sordum nənə can nəynə gərək ?
Dedi: yandır çəkim edim buların kül başına.

Nənə can gəl bu qədər cəhd eləmə ibrət üçün,
Bu nəsil gəncdi girir gündə təxəyyül başına.

Ey Anar, yaz sözə yer ver ki, kəlam vaxtı gəlib,
Fəqət heç cür gümanım yox girə müşkül başına.
Anar Əhəd
O gülün eşqinə vurğun, qara sevda qulusan,
Səni Məcnun eliyən sevgidə Leyla qulusan.

Ürəyin eşqə düşüb, tək o səbəb yox xəbərin,
Onu Allah yaradıb, Həqqu – Təala qulusan.

Səni aləm bəzəyər çəksə o səndən nəzərin,
Elə bir vaxt oyanarsan ki, bu dünya qulusan.

Qoca dünya səni valeh eliyib, gör nə üçün,
Ayıl ey bəndə ayıl, gör necə əşya qulusan.

Əli aşiqləridir haqqa könüldən qul olan,
Ey Anar halına xoş sən Əli mövla qulusan.
Qarabağ, səndə nə sirr vardı ki, al qandı vətən?
Anar Əhəd
Nə güdaz uğruna qurban gedərək yandı vətən?

Səni yalnız bu qəzəllərdəmi xatırlayacıq?
Əzilir, tapdalanır düşmənə çoxdandı vətən.

Qara əllər nə qədər kölgə salıb mənzərənə,
Bizə qismətdə vüsal yoxdu ki, hicrandı vətən.

Bu təfəkkür vurulub zəncirə sərbəst deyilik,
Ey vətən, bizlərə bax gör necə zindandı vətən.

Desə eşqin sənə, təsdiq eləməz cismi, vücud,
Quru sözlərdi deyir can sənə qurbandı vətən.

O şəhidlər anası ağlamasın zərrə qədər,
Ki bu nemətdi, vətən oğluna yorğandı vətən.

Səni vəsf etməliyəm, öncə gərək haqqı deyim,
Anarın hər sözü haqdan yaranan candı vətən.

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...