среда, 19 июня 2019 г.

Anar Əhəd
Əlinin şəninə əş’ar yazdım,
Şiələrçün mələk insan oldum.

Sələfi gördü Əli eşqim var,
Bu səbəb rafizi, duşman oldum.

Əlinin rahı dedim həq yoldur,
Sünnülərçün şiə e’lan oldum.

Şiənin məzhəbinə ayə dedim,
Daş qalaq etdiyi şeytan oldum.

Sünnülər halı görüb çıxdı həyan,
Onların qəlbinə mehman oldum.

Bu səfər haqqı dedim sünnülərə,
Qovulub iblisə şayan oldum.

Yamıyım əqlüvüzə yunnu keçə,
Sizə duşman necə asan oldum!

Xaliqin ayələrin nəzm etdim,
Həq sevən bəndəyə dərman oldum.

Molla qur’ani deyər firqə salar,
Eşidib yer ilə yeksan oldum.

Mənə qur’ani baxanlar bilsin,
Mən həniflərlə müsəlman oldum.


Ey bizim Sabirimiz, insan həmən insandı!
Molla sən vəsf eliyən, nadan həmən nadandı.

“Hərə Qur’ana verir istədiyi mə’nanı”
Yenə halət belədir, Qur’an həmən Qur’andı.

“ Deməz Allah iki mənalı sözü qullarına”
O deməz, amma ki, gəl böhtan həmən böhtandı.

Hansı üznən səni yad eyliyir ol kəslər ki,
Yalayır molla əlin, nöqsan həmən nöqsandı.

Üləma, müctehidin molla ilə fərqi nədir?
Dəyişən rütbə olur, şeytan həmən şeytandı.

Qələmim haqqı yazannan mənə Sabir dedilər,
Fərqimiz varsa əgər, ümman həmən ümandı.

Anaram, Xaliqi Qur’an ilə yad eyləyərəm,
Ölərəm mən desələr iman həmən imandı.

Xaliqin hökmünü təkzib eliyən axmaq olar.
Elə axmaqlara eşşək kimi də baxmaq olar.*

Demə şairdi qələmdən savayı yox yarağı,
Belə eşşəklər üçün bircə kəlam şallaq olar.

Tüpürüb mən o kəsin zatına lə’nət deyərəm,
Qınıyan olsa ki, insanda ədəb, əxlaq olar.

Belə zındıqlara əxlaqla yanaşmaq nə lüzum?
Onların şə’ninə hörmət eliyən alçaq olar.

Mən ki, lə’nət oxuyan olmamışam gic yığını!
Üzünüzdən bu qədər kinli olub qusmaq olar.

O rəsulun atılan dırnağı batsın sizə ki...
Deyəcəkdim demirəm, qismətiniz parlaq olar.

Helə Allah sizə lap yaxşı çəkibdir məsəlin.
Sizi dəstəkləyən insan sizi tək maymaq olar.

* Cümə surəsi ayə 5

суббота, 11 мая 2019 г.


Saqi mey ver yenə bu qəlbi bezar eylədilər,
Hələ azmış kimi də aləmi dar eylədilər.

Vaizin hökmü gülüş mənbəyi etmiş dinimi,
Mən sevən dilbərimin rahını xar eylədilər.

Dərə, dağ qoymadılar tutdular üz şirkə tərəf,
Onun hacət qapısın pir, məzar eylədilər.

Püşk atanlar kimi bəxtin sınıyar ayə açar,
Nə oyunlar çevirib haqqı qumar eylədilər!

Qapaz altında yatan tövrünü* hardan qanacaq?
Haqqı qurban eliyib Mehdi şüar eylədilər.

Day usandım, bu qədər saqi! Yoruldum bəs edər,
Mənə onlar üzü xislətlə kənar eylədilər.

Ey Anar, səbr elə gəl, əhdini xatırla bu gün!
Geri dönmək nədi, yaz! Bəlkə də ar eylədilər.


* Rəd surəsi ayə 11


Gecə getdim yuxuya məhşəri gördüm gəldim.
Hər əməllər yazılıb, dəftəri gördüm gəldim.

Bir şəhidlik sözü atdın neçə övlad qırdın,
Sənə hiddətlə baxan əsgəri gördüm gəldim.

Sinənin üstü qızıl qan, bədənin cırmaq izi,
Səni boğmaq diləyən madəri* gördüm gəldim.

Bəyaz əmmamə açılmış dolanır boğmaq üçün,
Alovun içrə yanan minbəri gördüm gəldim.

Bir müqəllid tanımır hökmünə uyduqlarınız,
Üləmalarda olan peykəri* gördüm gəldim.

Ateistəm deyərək göylə gedən insanlar!
Hey ölüm arzulayan kafəri gördüm gəldim.

Öyünüb ayəni təkzib eliyən zırramalar!
O sizin aliminiz əntəri gördüm gəldim.

Nə günah eyləmisiz heç biri inkar olmur,
O şəhadət gətirən əlləri gördüm gəldim.


* -- Madər – Ana / -- Peykər – Üz

пятница, 3 мая 2019 г.

Millətimin haqqı olan sərvəti boğsun səni!
Sərvətə dikmiş gözünün həsrəti boğsun səni!

Xaliqə üsyan eliyən, zalıma gücsüz düşən,
Kinlə baxan, hər kasıbın nifrəti boğsun səni!

Gəncliyi solmuş ömürün illəri dönməz geri,
Puç cavanın arzuları, niyyəti boğsun səni!

Körpəsinin aclığı rö’yada keçər məhv olar,
Hər ananın naləsinin qüvvəti boğsun səni!

Övladının istəyinə lal kimi susqun baxar,
Boynu bükülmüş atanın qeyrəti boğsun səni!

Hər atanın mənliyi var, qiyməti var, dərk elə!
Özgələrindən götürən minnəti boğsun səni!

Şairə güc gəlmə ki, bundan nədi asan sənə!
Sözlərimin sehrinə düş hikməti boğsun səni!

суббота, 27 апреля 2019 г.


Ey üzü nur gülsabah!* Boş yerə töhmət nədir?
Şairə təkfir nədir, şə’nimə lə’nət nədir?!

Siğə edib keyf elə, gəl məni mürtəd çıxar,
Hökmüvə kirtək vurum, ah bu ədalət nədir?!

Ərz elədim mollaya ayəni ibrət misal,
Düşdü qotur saqqala, bilmədi hikmət nədir!

Gah çıxarır təsbehin, gah qaşıyır saqqalın,
Gah da çıxış axtarır, qaçmağa fürsət nədir?

Eyləmə üstündə yük, saqqaluva vur düyün,
Yüz dənə yan – yanə düz, təsbehə hacət nədir?

Haqqı deyən mən olum, üstünü örtən sən ol,
Sonra da kafər çıxım! Düşdüyüm halət nədir?

Sən ki, bilirsən Anar, haqq ilə batil nədir,
Eşq ilə vəsfin qılıb, şərh elə ayət nədir!


* -- Səhər açılıb axşam vaxtı yumulan dekorativ gül

понедельник, 15 апреля 2019 г.


Alimlərivün şərhinə ürfani baxırsan,
İnsan kimi yox, onlara yezdani baxırsan.

Məzhəb adı qəlbimdəki imanə yaraşmır,
Sən hansı ağılnan mənə Qurani baxırsan?

Möhkəm yapış ipdən bizə Allah buyurarkən*
Din parçalayan kəslərə ruhani baxırsan.

Məzhəb yolu seçmişlərə Qur’anda cəza var*
Hərdən açaraq ayəni cismani baxırsan?

İyrənc görünən özgələrin hökmünə lağ – lağ,
Öz alimivün hökmünə insani baxırsan.

Lağ – lağ nədi, cin şeytana oxşar deyə vəsf et,
Öz cinlərivün hüsnünə nurani baxırsan.

Gəl sən də  Anar, mövzunu çox dartıb uzatma,
Onsuzda bu məzhəblərə sən fani baxırsan.


* Ali – İmran surəsi ayə 103, 105

пятница, 5 апреля 2019 г.

Anar Əhəd
Güc üçün can atanın məqsədi sərvətdə olar.
Özü qəflətdə olar, xalqısa zillətdə olar.
Talayar millətinin haqqını qarətdə olar.
Özünün zənn eliyər, hər şeyə fürsətdə olar.
Cismi işrətdə olar, ruhusa möhnətdə olar.
Gözünün görmədiyi bir qara zülmətdə olar.
Unudar Rəbbini ki, sonda qiyamətdə olar.

Canlı, cansız sıxılan hər nə ola məhv olacaq.
Dağılar cansız olan, canlısa ruhən solacaq.
Oturub səbr edəcək ki, nədi iman qalacaq!
Kasanın yırtığı yoxdur və nəhayət dolacaq.
Çıxacaq meydana üsyan ilə haqqın alacaq.
Axı insan nə qədər ömrü səfalətdə olar!
Bir gün millət bezərək sənlə ədavətdə olar!

Çıxacaq vəd eliyən cəlb olacaq diqqətimiz.
Xoş şüarlar adı altında coşar cürətimiz.
Bərələn gözləri heyrətdə qoyar vəhdətimiz.
Yeni rəhbər seçilər hasil olar niyyətimiz.
Əli hər şeydən üzülmüş füqəra millətimiz,
Yürivə göz dikənin cızdığı bir xətdə olar.
Sənə düşmən kəsilər kin ilə nifrətdə olar.

Yuxulu xalqımızın bənzəri var xəzri, yelə.
Ayılıb tam oyanan an dönəcək güclü selə.
Bu gücə qarşı çıxan olmadı dünyadə hələ.
Sonu heç yaxşı deyil ölkəmizin, qalsa belə.
Xalqı çək eşq ilə ətrafına müdrüklik elə,
Rəhbərin həm gücü, həm sevgisi millətdə olar.
Dağa söykənməyənin ömrü xəyanətdə olar.

воскресенье, 31 марта 2019 г.


Zahid elə dəm vurdu ki əfsanələrinnən,
Nəfsin meyi tərk eylədi meyxanələrinnən.

Kim verdi nişan Yusifi könlün ona qondu,
Yandın gecələr nuruna pərvanələrinnən.

Az – maz ağılın var idi meyxanədə qoydun,
Oldun yalan eşqin dəli – divanələrinnən.

İman eliyib neyləmisən bəxtəvər oğlu?
Seçmir ürəyin məscidi bütxanələrinnən.

Şirk əfvini Allah kimə etmiş sənə etsin?
Qaldır meyi meyxanədə məstanələrinnən.

Bəlkəm sənə meyxanələrin faydası oldu,
Öyrənmə bu əl öpməyi fərzanələrinnən.

Ya gəl Anarın rahına Allah yolu tut sən,
Ya qal helə meyxanədə həmxanələrinnən.
Mən bəşərəm, xəlifəyəm haqqım olan cahan mənim,
Varisiyəm yerin, göyün, çərx mənim, məkan mənim.

Zülm elə istəyin qədər, fərz elə ki, cahan sənin,
Səbr eləsəm İlahi tək, xeyrimədir zaman mənim.

Gərçi bu gün dayanmaram zülmə boyun büküb durub,
Şairiyəm İlahinin, haqqı deyən dəhan mənim.

Nəzm mənim, qəzəl mənim, doğru mənim, xəta mənim,
Olsa səvab xeyir mənim, varsa günah ziyan mənim.

Xaliqimin sözün deyən, ayələrdir əsərlərim,
Tanrı verən ağıl sənin, ayə Onun, bəyan mənim.

İndi desəm Nəsimi tək “narə yanan şəcər mənəm”
Orda olan Nəsiminin, burda olan nişan mənim.

Mən Anaram adım kimi, mən Əhədəm özüm kimi,
Batinim zahirimdədir yoxdu nihan, əyan mənim.

понедельник, 18 марта 2019 г.

Yaşanan dövranımız tarixə oxşar görünür,
Dəyişən zahiridir, batini təkrar görünür.

Elə aklad qoyulub keçmişə saldıqda nəzər,
Boynu zəncirdə gəzən qulları aşkar görünür.

Gecə gündüz çalışan qarnı üçün qul sayılır,
Ona sahiblik edən dövləti quldar görünür.

Xalqının sərvətini şah yığaraq taxt qoruyub,
Yenə şah dövrünə bənzərliyimiz var, görünür.

Quru candan savayı heç nəyimiz yoxdu daha,
Günü gündən bükülür qəddimiz donqar görünür.

Mavi ekranda yaman xalqı sevən görkəmi var,
Boğulan xalqına baxdıqdasa qəddar görünür.

Susur Allah sənə xidmət eliyən mollalarun,
Gəl ki, saqqalı çıxıb minbərə dindar görünür.

Anarı sən niyə xəlq eyləmisən dünyaya?
Heç qəzəb eyləmə dünya mənə murdar görünür.

пятница, 1 марта 2019 г.

Heç kəs ürəyimdən qəmi təfsir edə bilməz.
Sığmaz bu təxəyyüllərə təqrir edə bilməz.

Rus ölkəmi pay – lüş eliyib payladı torpaq,
Nə şərh ola, “türkmənçayı” təqdir edə bilməz.

Sülhün sənə Təbriz ilə Tehranı bağışlar,
Qəlbimdəki viranımı tə’mir edə bilməz.

Yefremlərə minnətli olanlar da müsəlman!
Kim fəhmini etmiş mənə tə’bir edə bilməz.

Əlbət nə qədər əl, ətəyindən öpənin var,
Korluqları təzvirini zahir edə bilməz.

Düzdür ki bu, şair gücü sözdən ötə olmaz,
Mən dənlədiyim buğdanı xəlbir edə bilməz.

Sən yaz ey Anar, fəhmini xalqım eləsin qoy,
Torpaq qəmi vicdansıza tə’sir edə bilməz.

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...