пятница, 28 декабря 2018 г.

Meh ki əsdi, dağıdıb zülfü pərişan edəsən,
Ara bir incə sığaldan çəkəsən yan edəsən.

Dartasan yay kimi kirpiklərini ox atasan,
Ürəyindən vurasan aşiqi al qan edəsən.

Göstərib lütfünü hərdən verəsən qəlbə ümid,
Parçalanmış ürəyin dərdinə dərman edəsən.

O ümiddən bir öpüş istəyi düşsün könülə,
Qoparıb yarəsini qanına qəltan edəsən.

Yaşanan mənzərələr qəlbinə insaf gətirə,
Bir öpüşdən nə qəbahət deyib ehsan edəsən.

Hər cəfanın sonu bitsin təki balnan gözəlim,
Razıyam sən məni hər cövrünə qurban edəsən.

Ölü bir qəlbə həyat bəxş eliyən eşqdir Anar,
Yaşa öz eşqini aləmləri heyran edəsən.

четверг, 25 октября 2018 г.


Vurma gəl çeşmə suyundan yaraşır tər üzünə,
Çün lətafətlidi tər qətrəsi dilbər üzünə.

Dilim, ağzım qurusun qəlbinə dəydimsə əgər,
Nə dedim qarə bulud çökdü münəvvər üzünə!

Yar üzün mə’cərə sarmış xətibin bir sözünə,
Görüm Allah onu həsrət qoya minbər üzünə.

Hansı sərsəmdi görən eşqi məzəmmət eliyir?
Mən üzü ağ çıxaram eşq ilə məhşər üzünə.

Mən özüm Xaliqə iman eliyən, şahid olan,
Görmədim xilqətin olsun üzü bənzər üzünə.

Qəzəlimnən yaşaram eşqimi məktəbli kimi,
Yazaram, həm çəkərəm rəsmini dəftər üzünə.

Anarın həsrəti bitməz, bu gedişnən kor olar,
Ona cənnət verilər olsa müyəssər üzünə.

Allah edər insandakı imanə şəfaət.
Hərçənd düşüb dillərə əfsanə şəfaət.

Öz aqibətin bilmiyən peyğəmbərimiz var,*
Uydurdular insan edər insanə şəfaət.

Heç əqlimə sığmır, niyə insandan umursuz?
Bir haldakı məxsusdusa Rəhmanə şəfaət.*

Məhşər günü Həq kimlər üçün razı olarsa,
Onlarda edər onlara həq yanə şəfaət.*

Bax, bax hələ sən vaizə bir bax! A başunçun!
Allah da tökübdür helə ümmanə şəfaət.

İndən belə Allah yolu tut ey gözəl insan!
Etməz sənə vallahidə bütxanə şəfaət.

İmanını hər vaxtı Anar Xalirə bağla,
Olsun sənə məhşər günü pərvanə şəfaət.


*Əhqahf sürəsi ayə 9
*Zümər sürəsi ayə 44
*Şəfaət edən mələklərdir. Ənbiya sürəsi ayə 26, 27, 28
Anar Əhəd
Əqlimiz kəsmədi əqlün qədərin cahil adam
Ki, verək ayələrin düz xəbərin cahil adam.

Özünün bir sözü yox hey danışar molla ağız,
Mənə göstər ağılın varmı dərin cahil adam?

Alimi üzdə mələk, mollası məsciddə kələk,
Oxuyar lə’nətin həzrət Ömərin cahil adam.

Niyə həzrət Ömərin ismini rəğbətlə dedin?
Qusacaq üstüvə şahmar zəhərin cahil adam.

Eyyubun səbrini aləmdə gəzən məndə tapar,
Susaram keçsədə sərhəd çəpərin cahil adam.

Molla qırxıb verəcək ayələri bayraq elə,
Sora get al oxu farsın əsərin cahil adam.

Anarın qəlbinə elmindən əta eylə Xuda,
Sənin elmin ilə olmaz nökərin cahil adam

Quran ayələrinə yanlış yanaşanlar üçün

Anar Əhəd
Əqli kamal sahibi insanlarıq.
Elm ilə yoğrulmuşuq, irfanlarıq.
Dərk eliyib ayələri anlarıq.
Məzhəbini bərk tutanı danlarıq,
Haqqı deyən doğru müsəlman bizik!
Vəsf eliyir ayədə Rəhman, bizik!

Biz silərik tarixi nöqsan deyib.
Çün onu Allah demir, insan deyib.
Həm də bunu ayeyi – Qur’an deyib.
Qardaşımız, sirdaşımız, can deyib,
Məsləhətin saymayan insan bizik!
Bilgimizin ziddinə duşman bizik!

İslam üçün çəksədə zəhmət Əli.
Xaliq üçün etsədə xidmət Əli.
Tarix olub, kimdi ki həzrət Əli?
Adi bir insandı cəmaət Əli!
Dövrümüzün canlısı, Qur’an bizik!
Təbliq edən ayəni hər an bizik!

Sözlərimiz qatma qarış olsada.
Tez vurarıq sözlə naxış, olsada.
Baxmarıq səmtə çağırış olsada.
Ayələrə fərqli baxış olsada,
Haqlı bizik, vəhdətə büryan bizik!
Birlik üçün can qoyan qurban bizik!

Çıx oxu meydan bizik!
Sünnülərə yan bizik!
Şiə müsəlman deyil,
Həq yola şayan bizik!

Özünə Mehdi deyən..
Baxıram cismimə hər gün görürəm xeyli nişan.
Bu nişanlar ola bilməz ki, ola zənni güman.
Necə inkar eliyim, göz də görür, yoxdu yalan.
Ləkə reyhan xalımı köksümə çəkmiş Yaradan.
Bu xalım Mehdiliyin hissiyatın qoydu yaman.
Bu səbəbdən də gümannan yaşadım xeyli zaman.
Bir tərəfdən yuxular qəlbi sıxır vermir aman.
Çıx zühur eylə deyir aləmə, day qalma nihan.
Gecə yatdım yuxu gördüm mənə haqq oldu əyan.
Yuxudan bildiyimi bilməlidir cümlə cahan.

Eşid ey cümlə cahan vəd olunan Mehdi mənəm!
Məni seçmiç Yaradan vəd olunan Mehdi mənəm!

Şiə..
Yenə hardan əsəcək üstümüzə isti külək?
Niyə susqun baxaraq daş ələmirsən ki fələk?!
Bu gicin söhbəti cinnətdi məni, tutdu ürək.
Çilə göydən başına daş kəsəyi bizdə görək.
Mehdi min dörd yüz il əvvəl açaraq bağda çiçək.
Çəkilib qeybə bizi seyr eliyir, gəlmə kələk.
Üç yüz on üç nəfərin yox, çıxaraq ekrana tək,
Özünü yorma atam kim inanar, olma hələk.
Nə başın üstə bulud var, nə bulud üstə mələk,
Mehdisənsə buların olması mütləqdi gərək.

Geyinib əyninə şalvar, hanı əmmamə çuxa?
Nə qılıncın, nə atın var, hanı əmmamə çuxa?

Sünni..
Şiə qardaş nə coşursan dəli insanə görə.
Sən gərək səbr edəsən Rəbbinə, Rəhmanə görə.
O qədər Mehdi çıxıb, gərdişi – dövranə görə.
Can fəşanlıq eliyib şöhrət ilə şanə görə.
Buna baş qoşma yazıq xəstədi ad – sanə görə.
Özünü Mehdi sayır bir ləkə reyhanə görə.
Belə insanların uydurduğu hədyanə görə,
Mən önəm verməmişəm, tərsdi müsəlmanə görə.
Gəl ki, biz fərqli inanc içrəyik imanə görə.
Ama qardaşlığımız baqidi Qur’anə görə.

Şiələr zənn eliyir Mehdi İrannan çıxacaq.
Çün deyib rəhbəri Qumnan, Xorasannan çıxacaq.

Şiə..
Sən mənim rəhbərimin haqqına girdin avara?!
Mənə qardaş dediyin söz daş olub başvu yara.

Vəhabi..
Bu nə qarğışdı edib pis eliyirsən bizi sən?
Səni aləm tanıyır şirk eliyən rafizisən.

Şiə..
Səni kim təşrif edib ay Yezidin baş nəvəsi?
Xəbərin varmı ki, sənsən bu dinin üz ləkəsi?

İsrail və Amerika..
-          Necədir fitnə, fəsad? Zəhmətimin bəhrəsidir.
-          Yox əziz dost, bu bizim bəstəmizin nəğməsidir.
-          Yox əşi yox, bu vəhabi bağımın meyvəsidir.
-          Sünnü türkdür, o bizim bağçamızın körpəsidir.
-          Şiənin mollaları səhnəmizin pərdəsidir.
-          Harda insan əzilir qollarımın qüvvəsidir.
-          Qara günlər ki çöküb, əllərimin kölgəsidir.
-          Hələ gördükləriniz fitnəmizin zərrəsidir.
_ _ _ _ _
Zalimin zülmü üçün hər gecə Allah qınayan!
Bu ki, Qurandan uzaq qalmağıvun səhnəsidir.

Mən Mehdiyəm ekranda, car et görə millət qoy,
Hər yanda gəzib söylə, düşsün dilə söhbət qoy.

Düşdün qapılar gəzdin, həm namə də göndərdin,
İnsanları bezdirdin, etsin sənə bey’ət qoy.

Sən etdiyini bir bax, həzrət Əli etmişmi?
Millət ona yalvarmış, olsun sənə ibrət qoy.

Sənsənsə əgər Mehdi, millət sənə yalvarsın!
Millət səni saymır heç, öz ismüvə hörmət qoy.

Daş atdığım hər insan, çox sevdiyim insandır,
İstər ki, könül olsun, onlar da hidayət qoy.

İnsan gözü yollarda, gözlər ki, gələ Mehdi,
Sən baxma Anar söz yaz, çəksin hələ həsrət qoy.

Aləmlərə hikmət qoy.
Duysun səni millət qoy.
Batilləri məhv eylə,
Çıxsın üzə ayət qoy.
Anar Əhəd

Sən kişilik məktəbi qoydun Hüsen!
Ağladılar məktəbə arvad kimi.

Bardaş atıb qatdadılar dizlərin.
Şillə vurub qızartdılar üzlərin.
Ağladılar qurutdular gözlərin,
Saxladılar dəsmalı icad kimi.

Ömrünü qəsdən bitirən görmüşəm.
Faniliyindən itirən görmüşəm.
Məscidə zəncir gətirən görmüşəm,
Düşmən olub canına cəllad kimi.

Həddi aşıb haqqın yolun çıxmısuz.
Görkəminiznən çox ürək sıxmısuz.
Ağlamısuz imperiya yıxmısuz?
Bəs yaşıyırsuz niyə bərbad kimi?

Rəhbəriniz islam üçün neyləyib?
Çarə üçün, əncam üçün neyləyib?
Sürdüyünüz əyyam üçün neyləyib?
Bəlkə çapıb dağları Fərhad kimi?

Aləmə qoymuş izi cənnət gülü.
Valeh edibdir bizi cənnət gülü.
Yaxşı ki, görmür sizi cənnət gülü,
Nə tüpürər üzvüzə naşad kimi.

Sən kişilik məktəbi qoydun Hüsen!
Ağladılar məktəbə arvad kimi.
Anar Əhəd

Alimin şərhinə e’lanına bax.
Əlinin tutduğu Qur’anına bax.

Bir sual çıxsa əgər təfsirinə,
Yeri şərhindəki nöqsanına bax!

Çox olub həqqə şəhadət gətirən,
O qədər bəndənin imanına bax!

Onda gəl hamı şəfaət eləsin,
Sən deyən düzdüsə vicdanına bax!.

Kim əgər şirkə bəraət gətirir,
O kəsin tutduğu ünvanına bax.

Gətirib ayəni məzhəb qoruyan!
Ara bir olsada Rəhmanına bax!

Hə Anar, biz bu gedişnən nə edək?
Tüpür hər bir şeyə öz canına bax.

Yenə rəhm et tükənən səbrimə Yar!
Anarın əhdinə peymanına bax.

Zahidin təbliğidir həzrəti İsa gələcək.
Kim inanmazsa o kəs məhşərə rüsva gələcək.

Nə qəşəng batili haqnan bəziyir ayə kəsib,
O avaznan yuxu tutmuşlara rö’ya gələcək.

Nə qədər ayələri parçalayıb doğrayasan,
Mən tərəfdən o qədər şə’ninə misra gələcək.

Ölümündən qabaq iman eliyər əhli kitab,
Ayənin əvvəlidir bu, sonu ifşa gələcək.

O kitab əhlinə məhşərdə şəhadət verəcək.
Tam əleyhində edər, bax! Sənə mə’na gələcək?

Sənə mə’na nə gərək, parçala sən ayələri,
Kimə qulluq eliyirsənsə müəmma gələcək!

Ey Anar, ayələri parçalayıb şərh eliyən,
Düşünürmü görəsən qəflətən üqba gələcək?

Məcnun imiş, Leyla imiş, aşiq imiş, canan imiş,
Dünyada tək eşq var imiş, molla imiş, nadan imiş.

Molla kələkbaz hiyləgər, nadan isə axmaq imiş.
Çünki, fırıldaq nə desə axmaq ona heyran imiş.

Hə, bir də şair var imiş, ayə deyib haqqı yazan,
Allah sevən, Qur’an sevən, tabe olan oğlan imiş.

Bir gün qədir – xum barədə molla çıxıb ayə demiş,
Şair baxıb mə’yus olub tək söz deyib, nöqsan imiş.

Bu dəm sifət çönmüş, qaşın əymiş adam, axmaq adam,
Küfrün biri üç – beş qəpik, söymək yaman asan imiş.

Şair ona Qur’an açıb mövzu ilə şərhin demiş,
Nadan baxıb haqqı görüb, nazil olan Qur’an imiş.

Bir az keçib nadan adam inkar edib, şair üçün
Kafir demiş, çünki avam, onda ağıl hardan imiş?!

Mə’yus olub qəlbin üzən şair tutub ünvan yolun,
Allah anıb zikrin edib, tək həmdəmi Rəhman imiş.

Kövrək ürək şair baxır bu din cəhalətdə batır,
Sözlə vurur alim, avam, islama kim duşman imiş.

- Allah üçün haqqı yazan bu şairin ismi nədir?
- İsmi Əhəd, ismi kimi yalnız olan insan imiş.

Dəftər vərəqin əl ilə bükmüş kimi insan,
Yetdikdə o gün göy üzün Allah bükəcəkdir.
Yox şübhəsi vermiş sözün Allah, bükəcəkdir.

Sonra yenə öz halına təkrar salacaqdır,
Məxluqları əvvəl necə xəlq etdisə Allah.
Varlıqları yoxluqluğa qərq etdisə Allah.

Göydən yerə nazil nə kitab oldusa yazdıq.
Bilsin ki, ibadətdə Mənə xalis olanlar,
Salehlərimizdir bu yerə varis olanlar.

Bu ayələri nəzm ilə misralara düzdüm.
Ey cənnəti mövcud bilən insan, nə düşündün?
Tərpətdimi Qur’an səni, heç azca üşündün?
Ki, müjdəli cənnət hələ var etməyib Allah,
Yoxdur belə xilqət, hələ var etməyib Allah.
Sən zənn eliyirsən ki, bu yer yox olacaqdır,
Allahsa deyir yer bizə ancaq qalacaqdır.
Var et sora yox et bi işin anlamı varmı?
Tək anlamı nöqsan, o da Allahda olarmı?
İbrahim olan surəyə qırxsəkkizə bir bax.
Yernən göyü Allah dəyişər, bax sözə bir bax!
Həm yer dəyişər, həmdəki göylər deyir ayə.
Allah nəyi neylər, necə eylər deyir ayə.
Məhrum qalasan haq kitabından niyə insan?!
Əzdim özümü haqq tapasan sən diyə insan!
Gəl düz yola əfsanəyə bənzərdən uzaq dur,
Aldanma yalan sözlərə hər vaxtı oyaq dur.
İllər boyu lay – lay çalıb uydurma nağıllar,
İnsan əlinin yazdığı hər qurma nağıllar.
Yatdın o nağıllarda yuxun çox dərin oldu,
Hər molla danışdıqca sözün afərin oldu.
Məndən sənə haqqın sözü etsin əsər artıq,
Allah yetirən ne’mətə göstər dəyər artıq.
Bəsdir yetər artıq.
Et bir həzər artıq.
Haqqın yolun haqdan,
Al sən xəbər atrıq.

Ənbiya surəsi 104, 105 ayələri

пятница, 18 мая 2018 г.

Anar Əhəd

Yə’cuc çıxar, Mə’cuc çıxar, bu ayədir mə’na çıxar.
İnsan yeyib, heyvan udan əfsanələr əmma çıxar.

Boydan uzun, enni qulaq yorğan edər, yastıq edər,
Saxla nağıllar aləmin minbər üçün ə’la çıxar.

Qur’anda bir dabbə keçər təfsir olub nöqsan ilə,
Millət uyub iman edib məhv olmamış dünya çıxar.

İnsan inamsızlıq edər, yerdir o gün şahid olan,
Məhşər üçün bir ayədir, dabbə desən hoqqa çıxar.

Ümmət oyan! bu səhvləri mən yox, edən alim olub,
Ön dörd əsir lay lay olar Mehdi çıxar, İsa çıxar?

Mehdi üçün gözdən axan göz yaşların cəm eyliyin,
Dünyamızın zalımların boğmaq üçün dərya çıxar.

Ya Rəbb Anar Səndən dilər ilham elə qəlbim duyar,
Haqqın yolun Səndən alım, Səndən yazım fayda çıxar.

1 – 2 beyt. Kəhf 94 / Ənbiya 96
3 – 4 beyt. Nəml 82

среда, 14 марта 2018 г.

Anar Əhəd

Sünnülər mürşidinin saf ədəbindən danışar,
Şiə öz aliminin ruzü – şəbindən danışar.

İki məzhəb öyünərkən niyə qalsın ki, dala?
Sələfi eşşəyi ölmüş ərəbindən danışar.

Buların hansına bir ayə desəm, alt dodağın
Qəzəbindən gəmirər həm əsəbindən danışar.

Gecənin sübhi gələr, əsrə çatar ordu gələr,
Əsəründən oxuyan kəs qəzəbindən danışar.

Kim gəlir gəlsin Anar, alnı açıq haqqı denən,
Sənə ilham yetirən haq tələbindən danışar.

суббота, 24 февраля 2018 г.

Anar Əhəd

Bu nə sevda? Sizi etmiş dəli alimlərivüz,
Oxu bir gör nə edir zirvəli alimlərivüz.

Qadının fərcinə yox, əks təmas hökmünə bax!
Haramı eylədi məkruh vəli alimlərivüz.

Qoydu məkruh önünə şiddəti alimlərivüz,
Məni güldürdü sizin gülməli alimlərivüz.

Qadının tarlaya bənzətmə olan ayəsi var,*
Bunu bilmir başıəmmaməli alimlərivüz?

Hələ Allah buyuran yerdən olun ayəsi bəs?*
Sizə heç gəlmədimi şübhəli alimlərivüz?

Utanın zərrə qədər varsa həya sizdə əgər,
Hər sözün həm sonu həm əvvəli alimlərivüz.

Belə çirkab sizə xoşdursa əgər siz boğulun,
Qoymaram məhv edə müstəqbəli alimlərivüz.

* Bəqərə 222
* Bəqərə 223

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...